Həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkalarda qiymətlər bazar qiymətlərindən hiss olunacaq dərəcədə ucuzdur.
Bu sözləri musavat.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Yarmarkalarda reyd keçirən KTN-nin sözçüsü qeyd edib ki, 5 rayonda kənd təsərrüfatı yarmarkası fəaliyyət göstərir: “Mən hazırda Xətai rayonundakı yarmarkadayam. İnsanlar axın-axın gəlirlər. Alıcılıq yüksək səviyyədədir. Əvvəlki həftə ilə müqayisədə heç bir qiymət artımı müşahidə olunmur. Gündəlik tələbat məhsullarından kartofun kiloqramı 50-70 qəpik arası, soğan 40-60 qəpik arası, kələm isə 20-30 qəpiyə təklif olunur”.
M.Hacıyevin verdiyi məlumata görə, yarmarkada sitrus meyvələrindən narınginin bir kiloqramı 70-80 qəpik, kökün 3 kiloqramı 1 manatdır. Xiyarın kiloqramı 0.7-1.5 manat, pomidor isə 1-1.5 manatdır. Sitrus meyvələrində daha çox ucuzluq müşahidə olunur: “Ət məhsullarından qoyun əti 5.5-6 manat, mal əti isə 5 manatdır. Ən çox heyvandarlıq məhsullarında ucuzlaşma var. Pendirin kiloqramı 3.5-4 manat, kəsmik 3 manat, yumurtanın qiyməti isə 10-12 qəpikdir”.
Qeyd edək ki, hazırda Bakı şəhərində yarmarkalar bu ünvanlarda fəaliyyət göstərir:
Xətai rayonuda - Məzahir Rüstəmov küçəsində,
Səbail rayonu - Badamdar qəsəbəsi,
Nərimanov rayonu - Keşlə bazarının yanı,
Binəqədi rayonu - Dərnəgül qəsəbəsi,
Suraxanı rayonu - Əmircan qəsəbəsi.
Bundan əlavə Sumqayıtda da kənd təsərrüfatı yarmarkası təşkil olunur.
Murtuzəli Hacıyev onu da qeyd etdi, dekabrın 26-dan etibarən bayram yarmarkaları fəaliyyətə başlayacaq və 5 gün davam edəcək: “Yarmarkalar Bakı şəhərində 5 ünvanda və Sumqayıt şəhərində bir ünvanda təşkil olunacaq. Bayram yarmarkasında İqtisadiyyat və Sənaye Nazirliyi də iştirak edəcək. Yəni sahibkarlar da bayram yarmarkasında öz məhsullarını sata biləcəklər. Qənnadı məhsulları, quru və qərzəkli meyvələr də yarmarkada satılacaq”.