Moskva Arbitraj Məhkəməsi Azərbaycan əsilli iş adamı Telman İsmayılovu müflis elan edib.
Bu barədə məhkəmənin saytında bildirilir.
Məhkəmə qərarı kreditor Boris Zubkovun Telman İsmayılovun müflis elan edilməsində dair iddia ərizəsinin müzakirəsindən sonra qəbul edilib. Eyni zamanda noyabrın 19-da Telman İsmayılov Moskva Arbitraj Məhkəməsinə ərizə ilə müraciət edərək müflis elan edilməsini xahiş edib.
Moskva Bankı da oktyabrın 1-də Telman İsmayılovun müflis elan olunması üçün arbitraj məhkəməsinə müraciət edib. Məhkəmənin iddiasına görə, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank AST Telmanla bağlılığı olan “Ruslayn 2000” və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə ümumi məbləği 230 milyon dollar olan 3 kredit ayırıb.
“Kommersant” daha əvvəl bildirib ki, İsmayılov xeyli müddətdir kredit öhdəliklərini icra etmir. Moskva Bankının hüquqşünasları belə qənaətə gəliblər ki, Çerkizov bazarının keçmiş sahibini müflis elan etmək lazımdır.
Telman İsmayılov banka kreditin vaxtında qaytarılacağı barədə zəmanət məktubu da təqdim edib. Lakin sonradan nə faiz, nə də əsas məbləğ ödənilib. Nəticədə oktyabrın 1-i üçün İsmayılovun borcu 286,4 milyona çatıb.
publika.az