Bu gün Azərbaycan Gənclər Fondunda mətbuat nümayəndələri ilə görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlcə qurumun fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, fond 4 ildir fəaliyyət göstərir və indiyə qədər 7 qrant müsabiqəsi keçirilib. Ölkə əhalisinin 31 faizini gənclərin təşkil etdiyini qeyd edən F.Hacıyev bildirib ki, qurumun fəaliyyətində əsas məqsəd gənclərə elm, təhsil, sosial sahədə dəstək göstərilməsidir: “Məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətində gənclər təşkilatının rolunun gücləndirilməsidir. Hazırda Azərbaycanda 310 gənclər təşkilatı var”.
F. Hacıyev əlavə edib ki, indiyə qədər 5080 layihə ilə fonda müraciət olunub və onlardan 2330 dəstəklənib: “ Bu layihələr üzrə ümumilikdə 13 500 000-ə qədər vəsait xərclənib. Onu da qeyd edim ki, 1600-ə yaxın gənc işlə təmin edilib”.
Fond tərəfindən 8-ci qrant müsabiqəsini elan edildiyini xatırladan F.Hacıyev fəaliyyətlərinin şəffaf şəkildə həyata keçirildiyini bildirib: “Bütün məlumatlarımızı saytda yerləşdiririk. Bu müsabiqədə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə ilə bağlı mövzu da var. Çünki gənclərin radikal qruplara qoşulmasının qarşısını almaq üçün Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır. Amma hesab edirəm ki, elə qruplaşmaların təsiri altına düşən gənclərin sayı o qədər də çox deyil. Bəzən bir sıra məsələləri çox şişirdirlər, gənclərin radikal dini qruplara qoşulduğunu deyirlər. Gənclərin neçə faizi belə qruplaşmalara qoşula bilər? Azərbaycan gənclərinin intellektual səviyyəsi digər ölkələrdə olan gənclərin intellektual səviyyəsindən üstündür, bizim gənclərimiz məsələlərə praktiki yanaşır, dünyagörüşləri daha genişdir. Ona görə də gənclərin çox kiçik qrupu bu cür təşkilatlara qoşulub”.
F. Hacıyev deyib ki, son vaxtlar neftin qiymətinin düşməsi, manatla bağlı baş verənlər fondun fəaliyyətində problem yaratmayacaq: “Elan etdiyimiz qrantlar qüvvəsində qalır. Hətta onu da deyim ki, bizim büdcəmiz elə ötən ilki qədərdir. Yəni, 2016-cı il üçün büdcəmiz 4 778 000 manat təşkil edir ki, bu, 2014-cü ilin büdcəsindən 250 374 manat çoxdur”.
BƏXTİYAR