Dollarla müqayisədə manatın məzənnəsinin öz dəyərini itirməsi daşınmaz əmlak bazarından da yan keçməyib. Bəzi ekspertlər hesab edirlər ki, ev alqı-satqısı ilə məşğul olanlar ilk vaxtlar digər məhsullardakı qiymət artımına nəzərən daşınmaz əmlak bazarında da qiymətləri yüksəldəcəklər, amma bu, müvəqqəti xarakter daşıyacaq.
Bu ilin fevralında dolların məzənnəsinin nisbətən artması ev bazarına ciddi şəkildə təsir göstərməsi və daşınmaz əmlak bazarında ucuzlaşma ilə nəticələnməsi, prosesinin yenidən təkrarlanacağı və ucuzlaşmanın daha kəskin şəkil alacağını proqnozlaşdırmağa əsas verir.
Onsuz da gələn il mənzillərin qiymətlərinin 10 faiz ucuzlaşacağını proqnozlaşdıran ekspertlər son devalvasiya hadisəsinə görə prosesin daha sürətlənəcəyi qənaətindədirlər.
Daşınmaz əmlak bazarı böyük pulların dövr elədiyi bazar olduğuna görə alıcıların tərəddüdləri daha çox bu sahədə özünü büruzə verir və bu səbəbdən hələlik ev bazarında durğunluqdur. Söhbət apardığımız maklerlər bildirdilər ki, hələlik nə gələn var, nə də ev soraqlayan...
Əmlak bazarı üzrə ekspert Ramil Osmanovun sözlərinə görə, Azərbaycanın makroiqtisadi göstəricilərinin sürətlə azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, əhalinin gəlirlərinin faktiki olaraq ev, mənzil, digər daşınmaz əmlak almağa imkan verməməsi qiymət azalmasına təbii ki, mənfi təsirini göstərəcək.
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında fərqli və daha çox ucuzlaşma ilə bağlı proqnozlar verildiyindən hazırda bir çox insanlar əmanətlərini daşınmaz əmlak bazarında saxlamaqdan ehtiyat edirlər, nəğd dollar şəkilndə saxlamağa üstünlük verirlər, bu da mənzil bazarında durğunluğa səbəb olur.
Əmlak bazarı üzrə digər ekspert Rafiq İmanov isə bildirir ki, son devalvasiya prosesinə qədər də mənzil bazarında alqı-satqı səngiyib, innən sonra isə mənzil bazarında alıcılıq qabiliyyətinin tamamilə aşağı enəcəyi gözlənilir. Ucuzlaşmanın yenə də təkrar mənzil bazarında müşahidə olunacağını deyən ekspertin sözlərinə görə, ilkin mənzil bazarı üçün vəziyyət müxtəlif istiqamətlərdə inkişaf edəcək.
Tikinti sektorunda xarici şirkətlərlə əməkdaşlıq edən sahibkarlar tikinti materiallarını həmin şirkətlər vasitəsilə xaricdən gətirdiklərinə görə qiymətlərdə bahalaşma zərurəti yaranacaq: “Hansı tikinti şirkətləri ki, xaricdən mütəxəssislər gətirir və tikinti materiallarını xaricdən valyuta ilə alır, həmin şirkətlərin satdığı mənzillərdə qiymətlərin bahalaşacağı gözləniləndir. Şübhəsiz ki, bu amil tikinti materiallarının qiymətinin artmasına səbəb olacaq.
Fərdi torpaq sahəsində aparılan ev tikintisinə də bu, öz mənfi təsirini göstərəcək. Amma əhalinin alıcılıq səviyyəsi aşağı endiyinə görə torpaq bazarında qiymətlərin azalması gözlənilir. Əvvəllər paytaxtın müəyyən hissələrində köhnə tikintilər sökülüb, əvəzində yeni binalar tikilirdi. Sökülən mənzillərin sakinlərinə dövlət ödəniş etdiyi üçün əhali şəhərin kənar yerlərindən torpaq alıb ev tikdiyi üçün torpaq bazarına maraq yüksək idi. Hazırda isə bu tendensiya səngiyib, deməli, torpaq bazarında ucuzlaşma olacaq".
Ekspert qeyd etdi ki, bir çoxları birmənalı şəkildə ucuzlaşmanın labüd olduğunu bildirirlər, amma bu məsələlərə fərqli yanaşılmalıdır: “Çünki paytaxtda qiymətlər zonalar üzrə fərqlidir, şəhərin mərkəzi rayonları ilə kənardakı rayonların müqayisəsində ciddi fərqlər var. İlkin mənzil bazarında da, hansı ki, tikintisi başa çatıb, hazır məhsul olaraq mənzil satışa çıxarılıb, həmin mənzillərdə qiymətlərin cüzi ucuzlaşacağı proqnozlaşdırlır”.
Rafiq İmanov bildirdi ki, kirayə mənzil bazarında da qiymətlərin düşəcəyi ehtimalı böyükdür. Onun fikrincə, paytaxtda kirayə yaşayanların əksəriyyəti daha çox regiondan gələn tələbələr və paytaxta iş üçün üz tutan, maddi təminatı aşağı olan şəxslər olduğundan, onların kirayəhaqqını ödəmək imkanları zəifləməsi üzündən ev sahibi qiymət endirimi etmək məcburiyyətində qalır.
“NBA Konsaltinq” şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə isə dekabrın son, yanvar ayının ilk dekadasında qiymətlərdə bir qədər durğunluq yaranacaq, amma sonradan il ərzində qiymətlərin düşməsi qaçılmaz olacaq.
Nüsrət İbrahimov dedi ki, insanların real gəlirləri aşağı düşdüyü üçün kirayə mənzil bazarında hər ay qiymətlərdə əvvəlki ayla müqayisədə azalma müşahidə olunur: “Növbəti 2-3 ay ərzində də qiymətlərin bu cür sürətlə enməsi davam edəcək”.
Torpaq bazarında müəyyən azalma olacağını vurğulayan ekspert dedi ki, daşınmaz əmlak bazarının digər seqmentlərilə müqayisədə torpaq bazarında stabillik gözlənilir.
Sevil Hilalqızı