Dünən dünya şöhrətli Azərbaycan alimi, əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, akademik Cəlal Əliyevlə AMEA-nın əsas binasında “Dairəvi zal”da vida mərasimi keçirildi.
Mərhumun cənazəsi AMEA-nın matəmsayağı bəzədilmiş “Dairəvi zal”ında postament üzərinə qoyulmuşdu. Tabutun önünə Prezident İlham Əliyev adından əklil, eləcə də cənazənin ətrafına hökumət və dövlət qurumları, xüsusən AMEA-nın institutlarının kollektivlər adından da əklillər düzülmüşdü.
Ömrünün 88-ci ilində vəfat edən tanınmış elm xadimlə vida mərasiminə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli Həsənov, Abid Şərifov, Elçin Əfəndiyev, nazirlər Kəmaləddin Heydərov, Əbülfəz Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, bir çox dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mərasimdə ilk olaraq çıxış edən AMEA prezidenti Akif Əlizadə Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirdi. O, Cəlal Əliyevin ölkəmizdə biologiya və aqrar elmin inkişafında göstərdiyi xidmətlərdən, ictimai-siyasi xadim kimi fəaliyyətindən danışdı. Bildirdi ki, Azərbaycanın görkəmli bioloq alimlərindən olan Cəlal Əliyev bütün həyatını elmə, bitkilərin öyrənilməsinə həsr edib, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Akif Əlizadənin sözlərinə görə, Cəlal Əliyev 600-dən artıq samballı elmi tədqiqata həsr olunan məqalələri dünyanın tanınmış impakt faktorlu jurnallarında dərc olunub: “O, bütün ömrünü fotosintez və fototənəffüs problemlərinin həllinə həsr edib. Onun fotosintez və fototənəffüs istqamətindəki uğurları həmişə məni heyran edib. Bu istiqamətdə apardığı tədqiqatlar, bitkilərin məhsuldarlığını artırmaq üçün gəldiyi elmi nəticələr bütün dünyada ona çox geniş hörmət qazandırıb. Azərbaycanda fizki-kimyəvi biologiya sahəsində ilk böyük addımlar da məhz onun tərəfindən atılıb. Molekulyar biologiya, kompüter biologiyası, bioekologiya, moelkulyar genetika, gen və hissəciklər biotexnologiyası, bioinformatika, biologiyada riyaziyyat metodlarının tətbiqi – bütün bu sahələr Cəlal müəllimin məşğul olduğu elm dairəsinə daxildir”.
Bir insan olaraq Cəlal Əliyevi xarakterizə edən AMEA prezidenti dedi ki, mərhum akademik öz tələbələrinə qarşı son dərəcə tələbkar, məsuliyyətli və qayğıkeş elm adamı kimi 80-dən çox elmlər namizədi, 10-dan artıq elmlər doktoru yetişdirib: “O böyük bir elmi məktəbin müəllifidir. Onun tələbələri Yaponiyada, Kareyada, Amerika Birləmiş Ştatlarında və müxtəlif Avropa ölkələrində tanınmış elm adamlarına çevriliblər”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycanda biologiya elminin ən böyük dühalarından olan Cəlal Əliyev ömrünün 62 ildən çoxunu AMEA Biologiya və tibb elmlər bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: “O, çox çətin və mənalı bir ömür yaşayıb. Onun rəhbərliyi altında genişmiqyaslı, çoxşaxəli elmi tədqiqat işləri aparılıb. Onun genişmiqyaslı tədqiqat işlərindən biri ölkəmizdə ərzaq təhlükəsizliyi probleminə həsr olunub və onun yaratdığı onlarla buğda sortları Azərbaycanda çörək qıtlığının qarşısını alıb. Onun fəaliyyətinin digər bir istiqaməti biologiya elminin başqa elmlərə inteqrasiyasıdır”.
Akademik bildirdi ki, Cəlal Əliyevin ən böyük xidmətlərindən biri də AMEA-nın fəaliyyətinə göstərdiyi təəssübkeşlikdir: “Vaxtilə akademiyanın başını qara buludlar almışdı, bağlanmaq təhlükəsi vardı. Məhz Cəlal Əliyev təhlükələrdən qorxmayaraq akademiyanın bağlanmasına qarşı aparılan mübarizənin önündə dayandı. Əlbəttə akademiyanın taleyi 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həll olundu. Amma o dövrdə akademiyanın mülkiyyətinin, institutların balansında olan torpaqların qorunmasında Cəlal Əliyevin müstəsna xidmətləri olub. Ümumiyyətlə, ulu öndərin ideyalarının həyata keçməsində, siyasi fəallığında Cəlal Əliyev həmişə qardaşının yanında olub. Bu, onun tək qardaşlıq borcu olmayıb. O, bu işləri Azərbaycanın xoş gələcəyi naminə edib”.
Əhliman Əmiraslanov Cəlal Əliyevin millət vəkili olaraq fəaliyyətindən də bəhs etdi. Bildirdi ki, o, 3 çağırış Milli Məclisə deputatı seçilib, Elm və Təhsil komissiyasının fəal üzvü olub, elm və təhsil sahəsində mütərəqqi qanunların qəbul olunmasında ən aktiv iştirakçılardan biri olub: “O, Milli Məclisdə həmişə öz sözünü deyən tanınmış deputatlarımızdab olub”.
Akademik Məhərrəm Babayev Cəlal Əliyevin aqrar sahədəki fəaliyyətlərindən danışdı. Dedi ki, aqrar sahədə Aqrar Elm Mərkəzinin yaranması məhz onun adı ilə bağlıdır: “Bu mərkəzdə çox böyük təcrübi işlər görülüb. Xüsusən taxılçılıq sahəsində bu alimin elmi tutumlu işləri aqrar elmin digər sahələrində inkişafına imkan yaradıb, xüsusən torpaqşünaslıq elminin inkişafına böyük təkan verib. Onun elmi fəaliyyətini davam etdirmək bir elm adamları olaraq borcumuzdur. Allah ona qəni-qəni rəhmət eləsin!”.
Botanika İnstitutunun direktoru Validə Əlizadə, akademik Böyükkişi Ağayev, Cəlal Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov da mərhum akademiklə bağlı xatirələrini, ürək sözlərini bölüşdülər.
Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunub.
Sevil Hilalqızı