Sənədsiz evlər əmlak vergisindən kənarda qalır
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Şəffaflıq Azərbaycan” (ŞA) Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi “Rəsmiləşdirilməsi çətin olan daşınmaz əmlakın dövlət qeydiyyatı” mövzusunda dəyirmi masa keçirdi.
Tədbirə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), İqtisadiyyat Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Vergilər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Xəzər, Suraxanı, Binəqədi rayon icra hakimiyyətlərinin və digər dövlət orqanları əməkdaşları, həmçinin bələdiyyə və müxtəlif kommunal sahə ilə əlaqədar qurumların nümayəndələri qatılmışdı.
Dəyirmi masanı giriş sözü ilə açan ŞA-nın rəhbəri Rəna Səfərəliyeva bildirdi ki, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə rellaşdırılan bu tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır: “Dəyirmi masanın məqsədi son zamanlar ölkə daxilində böyük sosial problemə çevrilmiş özbaşına tikintilərin sayının artması və onların qeydiyyatı zamanı yaranan problemlərin həll olunmasına dair müzakirənin təşkil edilməsidir. Bundan əlavə, özbaşına tikintilərin aradan qaldırılması və qeydiyyatı zamanı əhaliyə dəyən ziyanın maksimum şəkildə azaldılması, eləcə də, dövlətin və əhalinin maraqlarının üst-üstə düşməsi, hesabatlılığın artırılması, bu sosial problemin həll olunması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün hər iki tərəfin maraqlarını müdafiə edəcək səmərəli üsulların təklif olunmasıdır”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov daşınmaz əmlakın qeydiyyatı sahəsində görülən işlərdən danışdı, tətbiq olunan mövcud qanunvericiliyin müddəaları barədə məlumat verdi.
Hərracdankənar 100 minlərlə torpaq sahəsi satılıb
Eldar Məmmədovun sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatdan keçməsi üçün ilkin sənəd torpaqla əlaqədar çıxarış sənədinin alınmasıdır ki, bununla bağlı vaxtilə ölçü səhvlərinin aparılması məsələlərində problemlər yaşanıb, bundan həm vətəndaşlar, həm də bələdiyyələr əziyyət çəkib: “Mülkiyyət hüquqlarının tənzimlənməsi ilə əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək səlahiyyətləri ƏMDK-a və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildikdən sonra sənədləşmə məsələlərində xeyli irəliləyiş olub. Vaxtilə qeydiyyatının rəsmiləşdirilməsi qeyri-mümkün olan ərazilər özbaşına tikinti aparılan ərazilərdən daha böyük sahəni əhatə edirdi. Prezidentin müvafiq sərəncamı və aparılan islahatların nəticəsi olaraq 30 minə yaxın vətəndaşımızın daşınmaz əmlakının qeydiyyatı rəsmiləşdirlib.
Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı sistemi ilə əlaqədar müraciət edəcəkləri dövlət qurumları çoxdur, ancaq Prezidentin fərman və tapşırıqlarına uyğun olaraq vahid pəncərə sistemi ilə sənədləşdirilmə işləri sadələşdirlib. Sənədləşmə ilə əlaqədar müraciət edilən tarixdən müddət 3 aydan 20 günə qədər azaldılıb. Bələdiyyələr artıq öz hüquqları daxilində nəzərdə tutulan torpaq sahəsi ilə bağlı müraciət ünvanlayıb torpağın sənədləşməsini tələb edə bilir.".
Qurum rəsmisi bildirdi ki, 2007-ci ilə qədər bələdiyyə torpaqlarının hərracdankənar satışı ilə bağlı çoxlu nöqsanlar olub: “Hərracdankənar 100 minlərlə torpaq sahələri satılıb. Hazırda müvafiq qanun-qaydalara heç bir ziddiyyət yaratmırsa, həmin həyət evlərində yaşayış hüquqları vahid pəncərə sistemi ilə qeydə alınır. Bu günə qədər bağların rəsmiləşdirilməsi ilə bağlı isə yalnız 50 faiz müraciət daxil olub”.
Elşad Məmmədov torpaqların zəbt edilməsi və özbaşına tikintilərin qarşısının alınması üçün sanksiyaların tətbiqindən də danışdı: “Xüsusilə, Abşeron rayonunda külli miqdarda kənd təsərrüfatı, əkin təyinatlı torpaqlar özbaşına zəbt olunub ki, bu da ölkəmizin gələcəyi, ərzaq təhlükəsizliyi üçün istifadədə olunacaq torpaqlardır. Bu halların aradan qaldırılması üçün ”Torpaq bazarı haqqında" qanuna 2015-ci il 30 sentyabrda dəyişiklər edildi. O cümlədən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan, başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsi dəyişdirildi. Həm torpaq zəbtinə, həm də torpaqdan təyinatına uyğun istifadə etməməyə görə inzibati və cinayət sanksiyaları gücləndirilib".
Elşad Məmmədov bildirdi ki, ƏMDK-nin Dünya bankı ilə apardığı “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində xüsusi bir komponent də müəyyənləşdirlib: “Qeyri-qanuni, özbaşına tikintilərlə bağlı müvafiq yol xəritəsinin formalaşdırılması üçün xüsusi beynəlxalq məsləhətçilər qrupu cəlb edilib. Həmin qrupun iştirakı ilə Abşeron yarımadasında son 20 ildəki təcrübələr təhlil ediləcək, yekun sənəd hazırlanacaq”.
600 minədək sənədsiz həyət evi var
Rəna Səfərəliyeva problemin həlli istiqamətində xüsusən sanksiyaların tətbiqi məsələsinə önəm verildiyini vurğuladı.
“Şəffaflıq Azərbaycan”ın hüquqşünası Hafiz Həsənov daşınmaz əmlakın qeydiyyatdan keçirilməməsi nəticəsində yaranan hüquqi və sosial problemləri, həmçinin, vətəndaşların üzləşdiyi çətinlikləri tədbir iştirakçılarına, o cümlədən müvafiq dövlət qurumlarına çatdırdı: “Burada sadalananlardan bu qənaətə gəldim ki, istər qanunvericilik səviyyəsində, istərsə də problemin həlli ilə Prezidentin verdiyi fərman və sərəncamlarla bağlı xeyli işlər görülüb. Amma çox təəssüf ki, görülən işlər barədə ictimaiyyət məlumatlandırılmır. Problemlər yenə də qalıb. Mətbuat araşdırmalarına istinadla deyə bilırəm ki, əvvəlki illərdə sənədsiz həyət evlərinin sayı 550 minədək olubsa, hazırda bu rəqəm 600 minə yaxındır. Sənədsiz evlərdə yaşayan əhali sayı isə 2 milyona yaxındır. Bu, kommunikasiya, infrastruktur layihələrin reallaşması və ən başlıcası seçki prosesi ərəfəsində seçici siyahısının müəyyənləşməsində problemlər yaradır”.
Hafiz Həsənov problemin həlli üçün qeydiyyatdan keçə bilməyən evlərin müvafiq siyahısının hazırlanması, həmin evlərin qeydiyyat məsələlərinə baxan xüsusi komissiyanın yaranması, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra tövsiyələr təqdim etdi, tövsiyələrin qeydiyyatdan keçə bilməyən daşınmaz əmlakla bağlı problemə yardım məqsədi daşıdığını əlavə etdi: “Problemin həlli istiqamətində biz də ekspert qismində dövlət qurumlarına öz dəstəyimizi göstərməyə hər zaman hazırıq. Hesab edirəm ki, birgə səy nəticəsində problemin həllinə nail ola bilərik”.
Rəna Səfərliyeva tədbirdə iştirak edən Vergilər Nazirliyinin nümayəndəsinə sual verdi ki, 600 minə yaxın sənədsiz evin sahibi dövlət büdcəsinə torpaq və üzərində inşa edilən tikintiyə görə nə qədər əmlak vergisini ödəməyib, sənədsiz evlər nəqd pulla qeyri-rəsmi alınıb-satıldıqda dövlət büdcəsinə ödənəcək rüsum itkisi nə qədərdir?
Vergilər Nazirliyinin nümayəndəsi Sima İsayeva bildirdi ki, nazirlikdə təmsil etdiyi şöbə bu cür hesablamaları aparmadığı üçün sualları nazirliyin müvafiq şöbəsinə ünvanlayacaq.
Tədbirin sonunda ŞA-nın hazırladığı tövsiyələr paketinin iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim ediləcəyi bildirildi.
Sevil Hilalqızı