5 Fevral 2016 13:15
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə xidmətin iş planına uyğun olaraq respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, mənzil kommunal təsərrüfatı qurumlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Təhsil Nazirliyinin 14, Səhiyyə Nazirliyinin 4, Gənclər və İdman Nazirliyinin 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 müəssisəsinə, Dövlət Miqrasiya Xidmətinin və Vergilər Nazirliyi yanında 2 departamentin aparatlarının saxlanılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının 2 elmi-tədqiqat institutuna, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, dövlət büdcəsinin Ağstafa, Ağcabədi və Ağdaş rayonları üzrə yerli gəlir və xərclərinin tərtibi və icrasına dair həmin rayonlar üzrə maliyyə idarələrinin işləri, habelə Bakı şəhərinin Nərimanov rayonunda təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı və Avstraliya İttifaqındakı səfirliklərinin, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilib.

2015-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib. Təhsil Nazirliyinin Azərbaycan Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb. Qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb. Yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Yuxarıda göstərilənlərlə bərabər, xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılmış və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.

2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilmiş, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıb.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına və məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, “Aztelekom”, “Azintelekom” və “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər