“10 il ərzində Dövlət Komitəsinə 30 minə yaxın müraciət daxil olub. Onların 19839-u ərizə, 2866-sı müalicə və müayinə, 2687-si işlə təminat, 2374-ü mənzil şəraitinin yaxşılaşdırılması, 3426-sı maddi yardım verilməsi ilə bağlı olub. Müraciətlərin 7796-sı şikayət formasındadır, 24-ü təklifdir”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Taliyə İbrahimovanın sözlərinə görə, müraciətlərin sayı ildən-ilə artır: “Komitəyə daxil olan şikayətlər sırasında alimentlə bağlı məhkəmə qərarlarının icrasının təmin edilməməsindən irəli gələn problemlər üstünlük təşkil edir. 10 il ərzində onların sayı 2107 olub”.
“Məbləğ faizi ilə birgə dövlət büdcəsinə qaytarılacaq”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, boşanmalardan sonra yaranan ən böyük problemlərdən biri alimentlərlə əlaqədar olur: “Qanuna əsasən, ər-arvad boşandıqdan sonra uşaq valideynlərin birində qalır və qarşı tərəf aliment ödəmək öhdəliyi götürür. Adətən, uşaqlar anada qalır. Uşaqlara baxmaq onlara o qədər asan başa gəlmir.
Bu məsələ elə bir həddə gəlib çatıb ki, bir çox valideynlər məsuliyyəti öz üzərindən atır, müxtəlif üsullarla aliment ödəməkdən boyun qaçırırlar. Ona görə də alimentlərin verilməsi ilə bağlı yeni mexanizmi müəyyənləşdirən Aliment Fondunun yaradılması nəzərdə tutulur".
Qeyd edək ki, Aliment Fondunun statusu ilə bağlı iki variant təklif olunur. Fond müstəqil qurum kimi də fəaliyyət göstərə bilər, Ədliyyə Nazirliyinin tərkibinə də verilə bilər.
Komitə rəsmisi deyir ki, Aliment Fondu yaradılsa, valideynlərin məsuliyyətə cəlb olunması halları azalar: “Fond vasitəsilə aztəminatlı ailələrə təcili səhiyyə və sosial xidmətlərin göstərilməsi mümkündür. Azərbaycanda Aliment Fondunun yaradılması mexanizmi bir qədər fərqli olacaq.
Belə ki, yeni qurum üçün ayrıca büdcə nəzərdə tutulacaq. Fondun büdcəsinə alimentlərin ödənməsi ilə bağlı vəsait daxil ediləcək. Yəni aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra icraçı orqanlar alimentin məbləğini faizi ilə birgə tutaraq dövlət büdcəsinə qaytaracaqlar. Belə bir mexanizmin formalaşdırılması çox vacibdir".
Alimentdən imtina edən qadınlar
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, aliment ödənişlərinin aparılmamasından rəhbərlik etdiyi təşkilata da çoxlu müraciət daxil olur: “Kişilər bəzi hallarda aliment ödəməkdən qadına görə boyun qaçırırlar. Düşünürlər ki, aliment pulunu uşağa yox, qadına verirlər. Halbuki bu, düzgün yanaşma deyil.
Aliment uşaq üçün ayrılmış vəsaitdir və valideyn bunu ödəməyə borcludur. Əslində həmin vəsait uşağın ehtiyaclarını tam ödəməyə çatmır. Odur ki, belə vasitədən istifadə edən atalar ilk növbədə uşaqlarından qisas almış olurlar.
Bizim qarşılaşdığımız məsələdən biri də bəzi qadınların alimentdən imtinası hallarıdır, təbii ki, bu fikir də yanlışdır. Atanın verdiyi pulu götürməyi qüruruna sığışdırmayan qadınlar səhvə yol verirlər. Axı həmin pulu uşağın normal böyüməsinə yönəltmək olar".
Ata alimenti ödəmirsə...
Birlik sədrinin sözlərinə görə, ölkədə boşanmış qadınların təxminən 65 faizi aliment almaqda problemlə üzləşir: “Elə olur ki, kişilər alimentdən yayınmaq üçün çox cüzi əməkhaqqı ilə bağlı arayış təqdim edirlər. Digər tərəfdən, işsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiqləyən arayış təqdim etməli və idarədə qeydiyyata düşməlidir. Belə olduqda ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür.
Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, iki dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib, aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işə cəlbetmə reallaşa bilər. İstismar xarakteri daşıdığından buna da gedilmir".
Mehriban Zeynalova deyir ki, alimentin ödənməsi probleminin həlli üçün Aliment Fondunun yaradılması müsbət haldır: “Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olar ki, alimentdən yayınma halları baş verəndə dövlət işə qarışar. Aliment ödənmədikcə borclar yığılıb qalacaq. Bu zaman hökumət strukturları fəaliyyətə keçəcək.
Fikrimcə, alimentin ödənməsi həm də mənəvi məsələdir. Valideyn ilk növbədə övladını düşünüb, onun heç olmasa minimum yaşayışını təmin etməyə borcludur.
Aliment Fondunun yaradılmasının aktuallaşmasını alqışlayıram, çünki dövlət strukturlarının məsələyə ciddi müdaxiləsi zərurəti var. Ümid edirik, Aliment Fondunun yaradılması sürətlənəcək".
Qeyd edək ki, 2009-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən də Aliment Fondunun yaradılması təklifi verilib.
Nazirlik araşdırma aparır
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev deyir ki, alimentin ödənməməsi uşaq hüquqlarının pozulması deməkdir: “Bir çox hallarda uşaqlar üçün yeganə gəlir mənbəyi aliment olur. Bəzən də valideynlər alimentin ödənməməsini qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edir və bunun zərərini uşaq çəkir.
Hazırda alimentin ödənilməsi ilə bağlı qanunvericilik sərtləşdirilib. Cinayət Məcəlləsində alimentin ödənilməməsinə görə hüquqi məsuliyyətin maddəsi dəyişdirilərək ümumi məhkəmə qərarlarını icra etməmək maddəsi ilə birləşdirilib. Çünki əvvəllər alimentin ödənməməsinə görə cəza daha yüngül idi. Məhkəmə qərarlarının icrasından boyun qaçırmağa görə cəza daha ağırdır.
Eyni zamanda, 2010-cu ildə qəbul edilən qərara əsasən, ölkədən çıxarkən məhkəmə qərarlarını yerinə yetirməyən şəxslərin ölkəni tərk etməsinə qadağa qoyulub. Bu yaxınlarda alimentlə bağlı araşdırma apardıq, məlum oldu ki, ölkədə alimentlərin ödənilməməsi 50 faizə yaxındır. Hazırda Ədliyyə Nazirliyi alimentin ödənilməməsi problemləri ilə bağlı araşdırma aparır.
Hesab edirəm ki, fondun yaradılması alimentin ödənilməsinə müəyyən kömək olacaq. Fikrimcə, alimentin verilməsi məsələsi ilə bağlı maarifləndirilmə işi aparılmasına da ehtiyac var".
3 ilədək azadlıqdan məhrum edilmə
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsinə əsasən, alimenti gecikdirən və ya ödəməyən tərəf 500 manatdan 1000 manata qədər cərimələnə bilər. Bundan başqa, vətəndaş alimentin icrasını qəsdən və qərəzli şəkildə icra etməkdən yayınarsa, Cinayət Məcəlləsinə əsasən, 500 manatdan 1000 manata qədər cərimə olunmaqla yanaşı, 120 saatdan 260 saata qədər ictimai işlərlə cəzalana və yaxud 3 ilədək azadlıqdan məhrum edilir.
İlhamə Əbülfət