17 Fevral 2016 16:26
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də Nizami Kino Mərkəzində macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi Azərbaycan dilində ilk dəfə nümayiş etdirilib.

Trend-in məlumatına görə, filmin təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Təbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev film haqqında geniş məlumat verərək bildirib ki, film 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub.

"Atəşkəs" filminin təqdimatında çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıdana qədər - 1992-1993-cü illərdə Xocalı, 20 Yanvar qırğınlarına və digər hadisələrə Azərbaycanda siyasi maraqlar çərçivəsində yanaşılıb, baş verənlərə real qiymət verilməyib: "Bu faciənin əsl səbəbkarlarının adı çəkilməmişdi, hadisəni törədənlərin məqsədi bəşəriyyətə və Azərbaycan xalqına çatdırılmamışdı. Yalnız 1993-cü ildə ümummilli lider hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqına qarşı törədilmiş hadisələr özünün real və hüquqi qiymətini aldı. Eyni zamanda Azərbaycan dövlətinin ixtiyarında olan daxili, xarici resurslar vasitəsilə bu faciə xarici ölkələrə çatdırıldı. Son 5 ildə bu iş daha intensiv həyata keçirilir. Xocalıda yaşananlar Azərbaycan Prezidentinin xüsusi proqramına uyğun olaraq, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor strukturları, o cümlədən Heydər Əliyev Fondu, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyaya çatdırılır. Biz dünyaya 26 fevralda Xocalıda hansı hadisələrin yaşandığını, bunun təməlində nəyin dayandığını çatdırmaq istəyirik".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqına qarşı etnik soyqırım həyata keçirilib: "Bunu da hazırda Ermənistana rəhbərlik edən bəzi şəxslər, o cümlədən Ermənistanın prezidenti daxil olmaqla, Cənubi Qafqazda etnik separatçılıq hərəkatını başlayan və bu fonda bütün Qafqaz, postsovet məkanına qarışıqlıq gətirən, xalqları bir-birinə qarşı qaldıran, etnik təmizləmə siyasəti aparan bir qrup həyata keçirib. Biz, əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla, heç də Azərbaycanda və bəşəriyyətdə erməni xalqına nifrət aşılamırıq. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Amma erməni xalqının üzərində hakimiyyətə gələn və cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən cinayətkar insanları dünyaya tanıtmaq istəyirik. Erməni xalqının özü də bu insanlardan az çəkməyib".

Prezidentin köməkçisi bildirib ki, tarix boyu mövcud olan imperiyalar arasında müharibələr yaşanıb, Cənubi Qafqaza, demək olar ki, əksər imperiyaların qoşunları ayaq basıb: "Bu ordular ayrı-ayrı vaxtlarda Azərbaycanı da işğal ediblər. Amma Cənubi Qafqaza ayaq basan heç bir qoşun ermənilərin törətdiyi vəhşilikləri törətməyib, bir gecənin içində bu qədər insana divan tutmayıb. Heç bir imperiya burada xalqlar arasında qırğınlara rəvac verməyib. Bunu Cənubi Qafqaza yalnız ermənilər gətirib. Ermənilər özləri də bu qırğınlardan az çəkməyiblər, amma bütün dövrlərdə xalqları bir-birinə savaşdıraraq, bundan öz siyasi ambisiyaları üçün istifadə ediblər. Bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətin təməlində bir də bu dayanır".

Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi və onun fəsadlarına qiymət verdiyini qeyd edib: "Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb. Ermənistan neçə illərdir ki, BMT-nin 4 qətnaməsini həyata keçirmir. Bu nə deməkdir? Bu o deməkdir ki, BMT və dünya birliyi həqiqət axtarışlarına hələ də lazımi dəstək verə bilmir. Bu o deməkdir ki, BMT hələ də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların, dövlətlərin, millətlərin bu təşkilata etimad üzərində qurulmuş dünya idarəçilik sistemini lazımi səviyyəyə qaldıra bilmir. Bu o deməkdir ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranmış Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar çərçivəsindən yanaşaraq, haqqı haqq, nahaqqı nahaq kimi dəyərləndirə bilmir. Bütün bunların nəticəsidir ki, 24 ildir biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra, öz yurd-yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını geri qaytara, Cənubi Qafqazda sülhə, barışa nail ola bilmirik. Bunun da fəsadları bölgəni, Avropanı və dünyanı bürüyüb".

Ə.Həsənov son 25 ildə Cənubi Qafqazda yaşanan proseslərin, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb: "Bununla, gələcəkdə belə hadisələrin təkrarlanmasının qarşısını almalıyıq. Xüsusi vurğulamaq istəyirəm ki, biz bütün bu hadisələri bəşəriyyətə çatdırmaqla, hər il bunların ildönümünü qeyd etməklə, son 5 ildə ciddi nəticələr verən bu kampaniyaları aparmaqla bundan sonra belə hadisələrin baş verməsinin qarşısını almaq istəyirik. Erməni xalqının özünü də törətdikləri, onları təmsil edən, mandatını almış insanların əməlləri ilə tanış etmək istəyirik. İstəyirik ki, bir daha belə bəşəri cinayətlər baş verməsin, xalqlar məskunlaşdığı ərazidə sülh, qarşılıqlı anlaşma şəraitində yaşasın, onların arasına nifaq salınmasın, müharibələr törədilməsin".


Müəllif:

Oxşar xəbərlər