18 Fevral 2016 11:35
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Orucov: “Prezidentin fikirləri erməni nümayəndəsinə cavabdan daha çox beynəlxalq ictimaiyyətə çağırış idi”

“Prezident İlham Əliyevin Münhendə mətbuat konfransında Ermənistan nümayəndəsinin sualına verdiyi cavab çox aydın və konkret oldu. Prezident bu cavabla təkcə erməni nümayəndəsini susdurmadı, eyni zamanda illər uzunu təcavüzkara susqunluqla yanaşan beynəlxalq ictimaiyyətə ağır bir ittiham oldu”.

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib. AMİP yetkilisi qeyd edib ki, əgər dünya birliyi, beynəlxalq güclər və sülhpərvər qüvvələr işğalçını vaxtında cilovlasaydı, bəzi dövlətlər Ermənistana dəstək verməsəydilər, bu cür sual da ortaya çıxmazdı və cavab olaraq acı həqiqətlər də olmazdı:
“BMT kimi nüfuzlu bir qurumun qəbul etdiyi 4 qətnamə 23 ildən çoxdur ki, yerinə yetirilməyib. Regional beynəlxalq qurumların, o cümlədən ATƏT-in, Avropa Parlamentinin qəbul etdiyi sənədlər dəyəri olmayan kağız parçasına çevrilib. Vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk Qrupu fəaliyyətsiz və yararsız qurum olub. Həmsədrlər heç bir iş görmür. İmkan da verilmir ki, öz başımızın çarəsinə özümüz baxaq. Prezidentin bu fikirləri erməni nümayəndəsinə cavabdan daha çox beynəlxalq ictimaiyyətə çağırış idi. Belə böyük miqyasda Azərbaycan xalqının başına gətirilən faciələrdən nəticə çıxarmayan, işğalın ağır nəticələrini üzərlərində daşıyanların məşəqqətlərini diqqətə almayanlar heç olmasa Prezidentin bu səslənişindən sonra susqunluğa son verməlidirlər”.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında Prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib: “Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın. 20 ildən çoxdur ki, biz Ermənistanın işğalından əziyyət çəkirik. Torpaqlarımızın 20 faizi işğal olunub. İnsanlarla yanaşı təbiət də bundan əziyyət çəkir. Çünki bu ərazilər beynəlxalq nəzarətdən kənarda qalıb, meşələr qırılır. Bütün bunlara son qoyulmalıdır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər