“Qarabağ” Gəncədə “Kəpəz”lə keçirilən oyundan sonra Bakıya çarter reysiylə qayıdıb.
Təyyarədə “Qarabağ”lılardan başqa, bir nəfər də olub. Həmin şəxs Azərbaycanın tanınmış siyasətçilərindən biri olub. Təyyarə havaya qalxarkən, stüardessanın tələbini yerinə yetirməyən həmin siyasətçiyə “Qarabağ”ın futbolçusu Ansi Aqolli irad da bildirib. Bu barədə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “facebook”da yazdığı statusda bildirmişdi. Amma İbrahimov həmin siyasətçinin adını çəkməmişdi:
“Deməli, dünən “Kəpəz”lə oyundan qayıdanda məlum oldu ki, təyyarədə komandadan başqa sadəcə, bir nəfər var. Salonda gördük ki, adam hamımızın tanıdığı məşhur br siyasətçidi. Təyyarə uçmağa hazırlaşanda, təbii olaraq elan verildi ki, elektron cihazlar söndürülsün. Bizim politoloqumuz da təyyarə uçanda eləmə tənbəllik, aç telefonu, başla kimləsə danışmağa. Müəllimdən bir cərgə arxada əyləşən Ansi Aqolli bunu görən kimi özünəməxsus Azərbaycan dilində “Qaqaş, telefonu sondur deee”` deyəndə hamı ilə məzələnən, mırtlaşan siyasətçinin duruxmuş, kallanmış sifətiylə tez çaparaq telefonunu bağlamağını sadəcə, görmək lazım idi”.
Ansi Aqollinin irad tutduğu siyasətçi Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev olub. Hafiz Hacıyev “Futbol+” qəzetinə verdiyi açıqlamada təyyarədə olduğunu təsdiqləyib. O, “Qarabağ” azarkeşi olduğunu, Gəncəyə də məhz “köhlən atlar”ın oyununa baxmaq üçün getdiyini bildirib:
“Düzdü, ora başqa reyslə getmişdim, amma qayıdanda “Qarabağ”la birgə gəldim. Klub rəsmiləri, futbolçularla da söhbət etdim. Bildirdim ki, həmişə onlarlayam. İstəyirəm ki, “Qarabağ” adımızı Avropada yaxşı təmsil etsin. Çünki Xarici İşlər Nazirliyi bu missiyanı normal yerinə yetirə bilmir”.