Tərtər çayında suyun səviyyəsinin artması sakinlərin müvəqqəti istifadə etdiyi körpünün və alternativ yolun uçmasına səəb olub.
Anspress.com xəbər verir ki, son üç gündür Ermənistan tərəfinin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması Tərtər çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.
Çayda suyun səviyyəsinin qalxması sahilyanı ərazilərdə kritik vəziyyət yaradıb. Bərdənin Əyricə kəndi ərazisində bərpa olunan körpüdə tikinti işləri ləngiyib. Sakinlərin müvəqqəti istifadəsi üçün salınan körpünü sel suları uçurub.
"Gəldik gördük ki, ermənilər suyun həcmini artırıblar. Hazırda demək olar ki, suyun içərisində işləyirik. Yəni sakinlərin keçməsi üçün inşa etdiyimiz ayaq körpüsünü su yuyub. Kənd camaatı özləri üçün alternativ yol çəkmişdilər onu da sel yudu", - Azəryolservis ASC-nin 27 saylı yol istismar idarəsinin rəisi İlham Əzimov bildirdi.
Mütəxəssilərin fikrincə, Ermənistan tərəfi zaman-zaman ziyan vurmaq məqsədiylə çayda suyun səviyyəsini artırır. Bu da Azərbaycanın nəzarətində olan ərazilərdə fəsədlara yol açır.
"Suyun suvarma üçün bu saat heç bir köməyi yoxdur. Çünki bu vaxt suvarma getmir suvarma məqsədi ilə də istifadə eləmək mümkün deyil. Əlavə fəsadlar yaradır, aşağıda çayın yatağından su götürürük. Az olanda su həmin dəhnələri dağıdır, daha da işə mənfi təsir göstərir", - Bərdə suvarma sisteməri idarəsinin mühəndisi Rasim Nəsirov vurğuladı.
Tərtərçay hidroqovşağı idarəsindən bildirdilər ki, çayda suyun səviyyəsinin qalxması Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən Xan arx su kanalının lil və çınqılla dolmasına səsbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.
"Çayda suyun səviyyəsi hazırda indi saniyədə 15 kub metrdən artıqdır. Əgər Sərsəng gölü bizim ixtiyarımızda olarsa, biz bu suyu yığıb saxlayarıq. Yay aylarında təsərrüfatların suya ehtiyacı olan vaxtlarda onu təsərrüfatlara verərik", - Tərtərçay hidroqovşağı idarəsinin baş mühəndisi Kərimov Mehman bildirdi.
Tərtərçay hidroqovşağı idarəsindən onu da bildirdilər ki, Ermənistan tərəfi Sərsəng su anbarından suyu əsaən gecələr normadan artıq buraxır. Sel sularının fəsadlarının tənzimlənməsi üçün idarənin balansında kifayət qədər maşın mexanizim mövcuddur.