Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" jurnalının 3-cü nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə,proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.
Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.
Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Jurnalın bu sayında jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu sayında təqdim olunub.