Azərbaycanın Niderlanddakı səfirliyində bu ölkənin siyasi elmlər və tarix müəllimləri assosiasiyasının təmsilçilərinin iştirakı ilə seminar təşkil olunub.
Teleqraf.com xəbər verir ki, seminarda iştirakçılara Azərbaycanın tarixi inkişafının əsas dövrləri, qədim dövlətçilik ənənələri və bu ənənələrin müxtəlif vaxtlarda təkamülü, ermənilərin Qafqaz regionuna köçürülməsi haqqında ətraflı məlumat verilib. Tədbirdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması, tarixi toponimlərinin adlarının dəyişdirilməsi barədə danışılıb.
Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdirik siyasəti nəticəsində uğurla həyata keçirilmiş neft strategiyası, Ulu Öndərin əsasını qoyduğu müasir Azərbaycan diplomatiyası haqqında məlumat verilib.
Seminarda Ümummilli Liderin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və bu inkişafın özünü Azərbaycanda cərəyan edən siyasi-iqtisadi proseslərdə açıq aydın büruzə verdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın iqtisadi inkişaf tempi bütün dünyada olduğu kimi, Avropa qitəsində də ölkəmizə marağı daha da artırıb.
Seminarda Azərbaycan ilə bağlı nümayiş etdirilən videoçarxlar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara Azərbaycanın tarixi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən kitab, broşür və digər təbliğat materialları paylanılıb.