Dünən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Milli Məclisin keçmiş, üzvü xalq yazıçısı Maqsud İbrahimbəyov 81 yaşında dünyasını dəyişib.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir. Vida mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mərhumun ailə üzvləri və qardaşı Rüstəm İbrahimbəyov, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonraAzərbaycan Politexnik İnstitutununinşaat fakültəsində təhsil alıb.
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis, Moskva Ali ssenaristlər kursunda müdavim, Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, Moskva Ali rejissorluq kurslarında müdavim olub.
Bədii yaradıcılığa 1960-cı illərdə başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub.
"Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
"Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.