Bu gün Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutan qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından 30-a yaxın sakin iştirak edib.
Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.
Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti aid olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.