Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatı Gürcüstan Azərbaycan Evi və “Qeyrət” Xalq Hərəkatının rəhbərləri imzalayıb.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda deyilir ki, Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bildirilir ki, aprelin 2-ə keçən gecə Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutub. Azərbaycan bu addıma cavab olaraq əks-hücuma keçib və düşməni geri çəkilməyə məcbur edib. “Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etmək hüququ verir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir”, – deyə bəyanatda vurğulanıb.
Gürcüstan azərbaycanlıları bildirir ki, dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir. Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. “İşğal və separatizmə məruz qalan Gürcüstan da eyni problemlə üzləşib, ölkənin yüz minlərlə qaçqın ağrısı var. Bu gün Azərbaycan xalqı ədalətin bərqərar olması, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması yolunda əvvəlkindən daha vahid mövqedən çıxış edirlər”, – deyə bəyanatda bildirilir.
Bəyanatı imzalayanlar Gürcüstan azərbaycanlıları adından Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə hücum nəticəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan oğullarının və mülki şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib və ailələrinə səbr diləyib.Onlar bildirir ki, Gürcüstanda yaşayan hər bir azərbaycanlı Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır.
Səxavət