Ölkədəki son ekstremal situasiya bir daha sübut etdi ki, mediaya əşhədü ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu öz Feysbuk səhifəsində “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı paylaşıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda xarici dillərdə fəaliyyət göstərən saytların gücləndirilməsinə maksimum dəstək verilməlidir:
“Xüsusən də xarici dillərdə olan onlayn media orqanlarının gördüyü iş ön cəbhədə əsgər balalarımızın qəhrəmanlığına, fədakarlığına bərabər idi. Çünki əcnəbilər Azərbaycanla bağlı xəbərləri məhz ingilis, rus və s. dillərdə olan saytlardan alırdılar. Bunu sayğaclar da sübut edir. Bu bir neçə gündə rus və ingilisdilli saytlarımız fantastik həddə oxunub. Məncə, bu məsələni mütləq yüksək səviyyələrdə müzakirə etməliyik. Müharibə ön cəbhədə müvəqqəti dayandırıla bilər. Amma informasiya savaşı davam edir və xarici dildə fəaliyyət göstərən saytların gücləndirilməsinə maksimum dəstək verilməlidir. Dünyanın diqqətini Azərbaycan həqiqətlərinə yönəltməyin bir yolu da budur”.