14 Aprel 2016 17:34
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 6521 nəfərdə talassemiya daşıyıcılığı, 74 nəfərdə İİV/QİÇS, 363 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 117 500 nəfər insan qan müayinəsindən keçib.

Yalnız mart ayında 10 min nəfər qan müayinəsinə cəlb edilib. Onlardan 293 nəfərdə talassemiya daşıyıcılığı, 35 nəfərdə İİV, 35 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Z.Əlimirzəyeva deyib ki, indiyədək talassemiya daşıyıcılığı aşkarlanan 6521 nəfər arasında 50 cütlük aşkar edilib. Onlardan 5 cütlük evlənməkdən imtina edib, digərləri isə evlənib.

İnstitut direktoru deyib ki, evlənmiş cütlüklər arasında artıq hamilə olan qadınlar da var. Talassemiya daşıyıcılığı aşkarlanan hamilə qadınlardan bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə cəlb edilib: "Cütlüklərin birinin doğulacaq uşaqlarının talassemiya xəstəsi olduğu aşkarlandı. Buna görə də qadın hamiləliyinin 4 aylığında hamiləliyi pozdu. İki cütlüyün uşağında isə talassemiya daşıyıcılığı aşkarlanıb, amma qadınlar hamiləliyi saxlayıblar. Çünki daşıyıcı olmaq insan təhlükəsi üçün həyatı təhlükə yaratmır. Bu gün 2 hamilə qadından da analiz götürülüb. Onların müayinələrinin də cavabı yaxın günlərdə məlum olacaq".

Z.Əlimirzəyeva deyib ki, aparılan təbliğat işləri nəticəsində bir necə il əvvəl evlənmiş, artıq uşaqları olan ailələr də növbəti uşaqlarının sağlam doğulması üçün müayinələrə cəlb olunmaq məqsədi ilə instituta müraciət edirlər. "Digər tərəfdən, nikaha daxil olmayan, sadəcə münasibətlər qurmağa başlayan insanlar da müayinə üçün müraciət etməyə başlayırlar. Onlar bizə müraciət edərək bildirirlər ki, biz bilmək istəyirik - nikaha qədər gedək, ya yox. Bu da çox yaxşı haldır ki, onlar əvvəlcədən müayinəyə gəlirlər. Bütün bunlar aparılan təbliğat işlərinin nəticələridir".

Qeyd edək ki, 2015-ci il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə məcburi qaydada tibbi müayinədən keçirlər. Bu qaydalar nikaha daxil olmaq isləyən, ölkəmizdə daimi yaşayan vələndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanalarının və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçirilir. Müayinələr pulsuzdur.


Müəllif:

Oxşar xəbərlər