27 Aprel 2016 17:40
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun bağlanış mərasimi keçirilib.

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək qeyd edib ki, forum uğurla nəticələnib: “Mən Azərbaycanla əməkdaşlıqdan məmnunam. Tədbirdə inkuliziv cəmiyyətlərdə birgə yaşayış məsələsi müzakirə olundu, fikir mübadiləsi aparıldı.

Həmçinin, zorakı ekstremizmin aradan qaldırılması istiqamətində də danışıqlar apardıq. Təşkilatımız sosial inkluzivliyin təbliğ olunması üçün unikal platformadır. Sosial inkluzivliyi bundan sonra da təşviq etməliyik. Bu gün Avropada baş verən miqrant böhranı mətbuatın da məsuliyyətini artırır. Ekstremizm və terrorçuluq sülhə təhlükə yaradır. Sülh olmadan cəmiyyət inkişaf edə bilməz. Biz bu istiqamətdə gənclərə dəsrək verməliyik. Hesab edirəm ki, gələcəyə ümidlə baxa bilərik”.

Azərbaycanın mədəniyyət və turizm naziri, forumun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev isə çıxışında tədbirin uğurla keçdiyini vurğulayıb, buna görə iştirakçılara təşəkkür edib. O bildirib ki, Azərbaycan bu tədbiri uğurla başa çatdırıb: “Bütün çıxış edənlərə minnətdarlığımızı bildiririk. Forumda 147 ölkənin nümayəndəsi iştirak edib. 4300-dən çox iştirakçı qeydiyyatdan keçib. Könüllüləri də buraya əlavə etsək, iştirakçıların sayı 6 min nəfərdən çox edir. Sessiya ərəfəsində 168 nəfər çıxış edib”.

Ə.Qarayev forumda qəbul edilən Bakı Bəyannaməsinin uğurlu olduğunu diqqətə çatdırıb.
Sonra forum rəsmən bağlı elan edilib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu orum aprelin 25-də başlayıb. VII Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib. ("Report")

****

“Bu gün Ermənistanın Azərbaycana ehtiyacı böyükdür. Ən azı bu regionda Ermənistan Azərbaycanla dost olmadan uzun müddət rifah içərisində yaşaya bilməz”.


Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri və beynəlxalq müzakirəçi Egemen Bağış Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil olunan “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” 2-ci plenar iclasında çıxışı zamanı bildirib.


Sabiq nazir bəyan edib ki, Ermənistan əhalisi Azərbaycanın zəngin təbii ehtiyatları və gücündən yararlanmalıdır: “Bunun üçün də Ermənistan əhalisi keçmişdə olduğu kimi, Azərbaycana dost olmalıdır. Hər kəs yaxşı bilir ki, Ermənistan əhalisi müharibə istəmir, müharibəni istəyən millətçi erməni şovnistləri və onları himayə edən xarici dairələrin maraqlarıdır. Ona görə də Ermənistan əhalisi maksimum çalışmalıdır ki, Azərbaycanla komprmisə gəlsin.


Mənə elə gəlir ki, məsələ təkcə Ermənistana qalsaydı, onlar çoxdan Azərbaycanla mehriban yaşayardı. Ancaq Qarabağ münaqişəsi Ermənistanın maraqları çərçivəsində deyil. Ermənistan rəhbərliyi Moskvadan və Parisdən aldığı göstərişlərlə hərəkət edir. Ona görə də münaqişə indiyədək həll olunmamış qalır”.


E.Bağış qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfırdır: “Hesab edirəm ki, münaqişənin tezliklə həll üçün ABŞ, Fransa və Rusiya rəhbərliyi səyləri artırmalıdır”.

Sabiq nazir deyib ki, son illər Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuz qazanır: “Bu gün Azərbaycan təkbaşına özünü saxlayan müstəqil dövlətə çevrilib. Ancaq bunu Ermənistan haqqında söyləmək mümkün deyil. Çünki Ermənistan hələ də başqa dövlətlərdən asılıdır”.

****

“Ermənistanın işğalı nəticəsində Azərbaycana təkcə maddi deyil, eyni zamanda mədəni və tarixi abidələrimizin dağıdılması ilə nəticələnən ziyan dəyib”.


Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil olunan “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” 2-ci plenar iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Mehriban Əliyeva bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan Ermənistanın işğalı ilə qarşı-qarşıya qalanda böyük çətinliklər yaşadı, böyük humanitar böhranla üz-üzə qaldı: “Azərbaycan yeni müstəqillik qazanandan sonra torpaqlarımız Ermənistanın işğalına məruz qalıb. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün halına düşüb.

Ermənistanın işğalı nəticəsində biz 975 bağça, 695 xəstəxana, 900 məntəqə, 40 mindən çox unikal muzey materiallarını itirdik. Azərbaycan əhalisi öz dədə-bala torpaqlarına, doğma evlərinə qayıtmaq istəyir.

Qoca insanlarımız Qarabağdakı öz doğma yerlərində yaşamaq, körpə insanlarımız isə böyümək istəyir.

Azərbaycan sülhsevər ölkədir. Biz sülhün, əmin-amanlığın, mehriban qonşuluğun və işğala son qoyulmağın tərəfdarıyıq”.

Forumun əhəmiyyətinə də toxunan Mehriban Əliyeva deyib: “İnanıram ki, bu forum konstruktiv əməkdaşlığa töhfə verəcək və bu sahədə inteqrasiyanı daha da gücləndirəcək. Bu forum bütün ölkələr üçün vacibdir. Bugünkü dünya miqrasiya və zorakılıq problemləri ilə qarşılaşıb. İnsanların sosial adaptasiyası bizim üçün vacib məsələdir”.

Birinci xanım qeyd edib ki, Azərbaycan tarixi ölkə olmaqla yanaşı, BMT-nin gənc üzvlərindən biridir: “Biz 25 il ərzində müstəqillik yolu keçmişik. Azərbaycan dünya üçün olduqca açıq ölkədir. Biz iqtisadiyyatımızı gözə çarpan şəkildə artırmağa nail olduq. Biz güclü təhsilə xüsusi önəm veririk. Müstəqillik qazandıqdan sonra ölkəmiz bir çox islahatlara imza atıb”.

Mehriban Əliyeva söyləyib ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə sürətli inkişaf əldə edilib: “Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib. Ancaq nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh və sabitlik, əmin-amanlıq olsun”.

Daha sonra Mehriban Əliyeva Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.

***

“BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ciddi maraq və diqqətə səbəb olub”.


Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən mətbuat konfransında deyib. O bildirib ki, foruma 120 ölkəni təmsil edən 805 rəsmi nümayəndə qatılıb: “Üç gün ərzində 41 tədbir təşkil olunub, 250-dən çox natiq çıxış edib. Mətbuat nümayəndələrinə təşəkkür edirəm. Tədbirin işıqlandırılmasına böyük diqqət ayırdınız. 120 mətbu orqan qeydiyyatdan keçib. Bu ana qədər internet saytlarında forumla bağlı 3542 xəbər yerləşdirilib. Televiziyalarda 130-a yaxın material hazırlanıb”.

Ə.Qarayev qeyd edib ki, münaqişələrin həlli üçün BMT yaxşı platformadır: “BMT bunlarla bağlı qərar və qətnamələr qəbul edir. Bəzi qətnamələr dərhal icra olunur, bəziləri isə arxa plana atılır. Bakı Bəyannaməsində göstərilən qarşılıqlı anlaşma, dialoq, dostluq kimi dəyərlər geniş yayılsa və qəbul olunsa, o zaman evlərini itirən, işğaldan əziyyət çəkən insanların dərdlərinə son qoyulacaq. Çalışmalıyıq ki, münaqişələr gələcək nəsillərə qalmasın”.

Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl Naser isə bəyan edib ki, forum çox uğurlu olub və öz məqsədinə çatıb. O, tədbirin bağlanış mərasimində Məşvərət Şurasının yaradılmasını elan edəcəyini açıqlayıb. Əl Naserin sözlərinə görə, şurada dini, siyasi dairələrin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm xadimləri iştirak edəcəklər. (“APA”)

***

“Son 20 ildə baş verən münaqişələrlə bağlı media orqanlarında fərqli baxışları müşahidə edirik. Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və “xristian qardaşlığı” kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Media peşəkarlığı: zorakı ekstermizimin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib ki, burada münaqişənin təşəbbüskarı “qurban” kimi təqdim edilir. Onun sözlərinə görə, Ermənistan mediası türkfobiya təbliğatı aparır: “Bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük geniş yayılıb. Həm keçmiş sovet respublikalarında, həm də Yaxın Şərqdə olan münaqişələr, etnik təmizləmə, tarixi və dini abidələrə qarşı vandalizm aktları ilə müşahidə olunur. Bugünkü sessiyada zorakı esktremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir. Bəzi hallarda bu, siyasi rejimlər tərəfindən edilir. Bəzi hallarda da bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər”.

Ə.Həsənov qeyd edib ki, Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğat aparır: “Ermənistanın keçmiş və indiki rəhbərləri iki xalqın birgə yaşamasının qeyri-mümkünlüyü ilə bağlı absurd fikirlər bildirirlər. Ermənistanın rəsmi qurumları media vasitələrinin yaradılmasına cəlb edilir. Bu istiqamətdə təbliğat aparırlar”.

Ə.Həsənov bildirib ki, Azərbaycan demokratik, dünyəvi dövlətdir: “Azərbaycan hökuməti vətəndaşlara bərabər hüquqları tanıyır. Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir. Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”.

***

“Azərbaycan 25 ildir müstəqil dövlətdir. Ötən 25 il ərzində də Azərbaycan dövləti öz sülhsevər siyasətini dəfələrlə sübut edib. Biz öz sülhsevər siyasətimizi bütün sahələrdə həyata keçirmişik”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Sülhün bərqərar edilməsi və terrorun ardan qaldırılması” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi də ilk hadisə deyil: “Biz bu cür tədbirləri indiyədək çox keçirmişik. Bilirsiniz, Sivilizasiyalar Alyansı bir neçə il öncə yaradılıb. Ümumiyyətlə, BMT-nin əsas missiyası nədir? Bu təşkilat nə üçün yaradılıb? İkinci dünya müharibəsindən sonra dünya ölkələri arasında ədalətin qorunması üçün BMT adlı qurum yaradıldı. Ancaq çox təəssüf ki, bu təşkilatın qəbul etdiyi qərarlara işğalçı Ermənistan hələ də məhəl qoymur”.

PA rəsmisi qeyd edib ki, BMT-nin öz missiyasını ədalətli şəkildə həyata keçirməməsi səbəbindən dünyada beynəlxalq gərginlik yaranıb: “Hər halda beynəlxalq hüquq ədalətli tətbiq olunsaydı, o zaman hər ölkə öz istədiyini etməzdi.

Bu gün aparıcı mənə Dağlıq Qarabağ münaqişəsinin nə üçün həll edilməməsi ilə bağlı sual verdi. Hesab edirəm ki, bu sual ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiya dövlətlərinə, həmçinin BMT-yə verilməli idi.

Son vaxtlar BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir dəfə münasibət bildirməyib. Ancaq ATƏT bu məsələni 3 həmsədr dövlətə tapşırıb.

Bu yaxınlarda Azərbaycan Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırıb. Ancaq həmsədr dövlətlər bu məsələnin müzakirə edilməməsi ilə bağlı tapşırıq verdilər. Görürsünüz ki, 3 nəfərdən ibarət qrup AŞPA-ya göstəriş verdi, onlar da yerinə yetirdilər. Bizim ərazilərimiz olan Dağlıq Qarabağın ətrafındakı 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz. Orada 760 min azərbaycanlı yaşayıb. Ancaq bununla bağlı nə BMT-də, nə də digər qurumlarda beynəlxalq hüququ yada salan var. Buna görə də bugünkü vəziyyət yaranıb. Ona görə də bu gün dövlətlər deyirlər ki, başqa dövlət bunu edir, mən də edəcəm. Ümid edək ki, bütün bunların sonu yaxşı olacaq”.

****

“Bəzən BMT Təhlükəsizlik Şurasında hansısa bir ölkə ilə bağlı qətnamə hələ qəbul edilməmiş bu ölkəyə müdaxilə edilir. Hansısa digər ölkələrə münasibətdə qəbul olunmuş qətnamələr isə onillərlə arxivlərdə qalır və bununla bağlı heç bir əməli iş görülmür. Bu cür yanaşma özünü ən bariz şəkildə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərir”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Sülhün bərqərar edilməsi və terrorun ardan qaldırılması” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub: “Eyni zamanda BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.

Beynəlxalq hüququn tələbləri böyük dövlətlərə gələndə icra olunur, kiçik dövlətlərə gələndə isə kağız üzəridə qalır. Məgər bu ədalətli yanaşmadırmı? İşğalı Ermənistan 20 ildən çoxdur ki, BMT-nin, beynəlxalq hüququn tələblərini açıq və kobud şəkildə pozur. Ancaq heç kəs Ermənistanın işğalçı siyasətinə qarşı çıxmır, buna göz yumur. Bəs buradan hansı nəticə çıxır? Mən burada konkret ölkələrin adlarını çəkmək istəmirəm. Bəzi ölkələrə dərhal müdaxilə etmək üçün qərar qəbul edən BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanla bağlı nədənsə bunu etmir. Sanki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar. İkili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır”.

Vasif Həsənli

Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər