29 Aprel 2016 18:25
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"n təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə və akademik Böyükkişi Ağa oğlu Ağayev Azərbaycanda qara ciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların atlası” kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata layiq görülüblər.

Bildirilib ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sonuncu iclasında qəbul olunub. Qərarda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələrinin elan edilməsi, adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə məsələlər öz əksini tapıb.

Tədbirdə sözügedən medalla təltif etmək səlahiyyətinin ölkə başçısının 27 iyun 2014-cü il tarixli fərmanı ilə Akademiyaya verildiyi qeyd olunub. Vurğulanıb ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilmiş yekun iclasında Qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər