“İnternet xidmətləri göstərən müxtəlif transmilli şirkətlər var. Onların hamısının vergiyə cəlb edilməsi məsələsinə baxılır”.
Teleqraf.com-un məlumatına görə, bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov kazinoların açılması məsələsinə münasibət bildirərkən deyib: "Əslində bu məsələyə şərh vermək istəmirəm. Müxtəlif ölkələrdə kazinolaradan istifadə edirlər və ondan gəlir əldə edilir. Bəziləri elə fikirləşir ki, vergi ilə bağlı qərarları Vergilər Nazirliyi qəbul edir. Amma biz icraedici orqanıq. Şəxsən mən özüm kazinolarının açılmasının tərəfdarı deyiləm. İndi kim necə qərar qəbul edəcəksə, bunu deyə bilmərəm".
Turizm sahəsinin vergidən azad olunmasına gəlincə, nazir müavini qeyd edib ki, bu gün Azərbaycan böyük turizm ölkəsinə çevrilmək ərəfəsindədir: “Ölkədə turizmin inkişafı üçün gözəl infrastruktur yaradılıb. Azərbaycanda Novruz bayramında da turistlərin kütləvi axını oldu. Heç bu qədər axına hazır deyildik. Əgər turizm sahəsinin vergidən azad olunması məsələsi qoyularsa, buna baxıla bilər. Dövlətin sosial-iqtisadi siyasəti bunu tələb edirsə, baxmaq olar. Bu gün ən böyük otellər gəlirsiz işləyir”.
Naibə QURBANOVA