Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun baş katibi ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir olundu. Həmçinin, ölkəmizin Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələri xüsusilə qeyd edildi.
Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilərək, Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda ölkəmizə səfərinin buna bariz nümunə olduğu vurğulandı. Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı bildirildi.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd olunaraq, TANAP və TAP qaz kəməri layihələrinin uğurla icra edildiyi söylənildi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığını vurğuladı. ATƏT Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı.
Görüşdə həmçinin Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıldı.
Səxavət