Bu gün Azərbaycanın ən böyük siyasi partiyası - Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü tamam olur.
YAP siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhranlı vəziyyət yaranmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib və Heydər Əliyev YAP-ın sədri seçilib. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edib. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxıb.
“Bizə Bakıda konfrans keçirməyə icazə vermədilər”
YAP-ın yaradılması üçün Heydər Əliyevə müraciət etmiş 91 nəfər ziyalıdan biri, Milli Məclisin sabiq deputatı, hazırda YAP İdarə Heyətinin üzvü və partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov bildirib ki, YAP-ın yaranmasından danışarkən ilk növbədə “partiyanın yaranması üçün zərurət nədən ibarət idi” sualına cavab vermək lazımdır. K.Kərimov qeyd edib ki, YAP kiminsə öz nəslindən 5-10 nəfəri yığaraq yaratdığı partiyalardan deyildi: “Bu partiya ideya əsasında yaranmışdı. Biz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, vətəndaş müharibəsinin baş verməsinə imkan verməmək, separatçılığın qarşısını almaq kimi məsələləri nəzərdə tutaraq bu partiyanı yaratmışıq və özümüzə Heydər Əliyev kimi güclü bir şəxsiyyəti lider seçmişik”.
K.Kərimov daha sonra deyib: “Partiyanın yaradılması üçün konfrans keçirmək istədikdə özlərini demokrat adlandıran və bu gün də demokratiyadan dəm vuran adamlar bizə Bakıda konfrans keçirməyə icazə vermədilər. Biz burdan yığışıb Naxçıvana getdik. O vaxt Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Konfransımız Cəlil Məmmədquluzadə adına Mədəniyyət Evində, 550 nəfərlik zalda keçirildi. Zal ağzına qədər dolmuşdu, 100-dən artıq adam da ayaq üstə dayanmışdı. Naxçıvanın vəziyyəti çox ağır idi. Havalar olduqca soyuq keçirdi. Nəqliyyat işləmirdi, sutka ərzində 1-2 saat elektrik enerjisi verilirdi, o da şəhərin mərkəzində bir neçə administrativ binanı işıqlandırırdı. Heydər Əliyev Ali Məclisin binasında lampa işığında oturub işləyirdi. Bax, belə bir vəziyyətdə biz YAP-ın təsis konfransını keçirdik. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın nizamnaməsini, məramnaməsini qəbul etdik, Azərbaycan xalqına müraciət qəbul etdik və Yeni Azərbaycan Partiyasını yaratdıq”.
K.Kərimov o vaxtkı hakimiyyətin YAP üzvlərinə yaratdığı maneələrdən də danışıb: “Partiya rəhbərlərini döyürdülər, Murtuz Ələsgərovun qol-qıçını sındırmışdılar. Halbuki, o yaşlı bir adam idi. Çox güclü təzyiqlər var idi. Heydər Əliyev özü qardaşı Həsən Əliyev rəhmətə gedəndə Bakıya gələ bilmədi. Partiyadan Heydər Əliyevin Bakıya gəlişini məsləhət bilmədilər. Amma sonra respublikada vəziyyətin hansı səviyyədə olduğunu gördülər. Şəxsən bizim ailədən heç bir qadın, heç bir uşaq saat 6-dan sonra küçəyə çıxmırdı. Əli silahlı adamlar rayonlara gedən avtobusları saxlayıb sərnişinlərin boyunbağısını, barmağındakı üzüyünü, ciblərindəki pullarını çıxarırdılar. Azərbaycan belə bir vəziyyətdə idi. Erməniyə qarşı vuruşmalı adam böyük bir batalyonu, silahları götürüb gəlmişdi Lənkərana. Yəni, belə bir vəziyyət hökm sürürdü. Belə hərəkətlərin qarşısı Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə alındı”.
“YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır”
“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 630 min nəfərdən çox üzvü olan partiyamız ötən 22 ildə çətin və şərəfli yol keçib”.
Bunu bəyan edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, müstəqilliyin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü.
A.Rəhimzadə qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaranan YAP Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlanıb və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilib: “Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Ötən 22 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. YAP-ın 22 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir”.
“YAP ötən 22 ildə ümumxalq partiyasına çevrilib”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, YAP ötən 22 ildə ümumxalq partiyasına çevrilib və bu müddətdə Azərbaycanın inkişafı naminə çalışıb. E.İbrahimov qeyd edib ki, partiya Azərbaycanın ağır durumunda yaranıb. Onun sözlərinə görə, həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Heydər Əliyevə belə bir partiyanın yaradılması üçün müraciət edib: “Bundan sonra Naxçıvanda 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası ümummilli partiyadır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır. YAP Azərbaycanda siyasi palitraya siyasi mədəniyyət gətirdi. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin sayı 630 mindən çoxdur. Bu xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir”.
“Partiyamızın ən böyük üstünlüyü onun Heydər Əliyev ideyalarına söykənməsindədir”
“22 il əvvəl Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq etdi”.
Bu fikirləri isə YAP icra katibinin müavini, partiyanın İdarə Heyətinin üzvü Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib. Onun sözlərinə görə, YAP yeniləşən Azərbaycanın partiyasıdır. M.Qurbanlının fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır.
“Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Həmçinin, Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrimizdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Eyni zamanda, YAP daxili demokratiyaya sahib olan partiyadır. Partiyamız həm də, nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP ulu öndər Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır”,-deyə, YAP icra katibinin müavini vurğulayıb.
Səxavət HƏMİD