30 Aprel 2015 11:09
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-dən 28-dək dünyanın bütün diqqəti Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına yönələcək. Azərbaycan qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqını təmsil edəcək.

Qeyd edək ki, Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.

Parlamentin deputatları Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar bu idman bayramı ərəfəsində boykot çağırışı edən qüvvələrə sərt reaksiya veriblər.

“Heç bir xarici qüvvə I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməz”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun fikrincə, Oyunlara kölgə salmağa cəhd göstərən qüvvələr Azərbaycanı gözü götürməyənlərdir: “Belə qüvvələr “Avroviziya” mahnı yarışması keçiriləndə də anti-Azərbaycan təbliğatına başlamışdılar. Bununla belə ölkəmiz “Avroviziya” mahnı yarışmasını yüksək səviyyədə təşkil etdi. Təbii ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr indi də var. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanı gözdən salsın, imicinə zərbə vursunlar. Amma onların bu əməlləri əbəsdir. “Avroviziya” mahnı yarışmasında olduğu kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Çünki bu oyunların keçirilməsində Azərbaycana dəstək verənlər həddindən artıq çoxdur. Bu Oyunların keçirilməsində bizə dəstək olan qüvvə birinci növbədə xalqımız, dövlətimizin iradəsidir. Azərbaycan xalqı ilə Prezidentimiz bir-birinə çox möhkəm dayaqdır. Ona görə də heç bir xarici qüvvə I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməz”.

“Anti-Azərbaycan təbliğatındansa, Azərbaycanın problemləri ilə maraqlansınlar”

Vitse-spikerin fikrincə, sözügedən qüvvələr vaxtlarını əbəs yerə bu cür işlərə sərf edirlər: “Onlar insan haqları ilə alver edən qüvvələrdir. Həmin qüvvələr I Avropa Oyunları ilə bağlı anti-Azərbaycan təbliğatına baş qoşmaqdansa, Azərbaycanın problemləri ilə maraqlansınlar. Azərbaycanın işğal olunmuş əraziləri, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti ilə əlaqədar öz münasibətlərini bildirsinlər. Azərbaycana I Avropa Oyunları kimi məsuliyyətli bir yarışı keçirdiyinə görə “sağ ol” demək əvəzinə, anti-Azərbaycan kampaniyası ilə məşğuldurlar. Karvan gedir, Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək”.

“Belə bir etimadın göstərilməsi böyük uğurdur”

Millət vəkili Jalə Əliyeva bildirib ki, I Avropa Oyunları ölkəmizin mövqeyinin dünyada bir daha təsdiqlənməsi baxımından əhəmiyyətli tədbirdir: “Belə bir etimadın göstərilməsi, ilk dəfə Avropa idman oyunlarının keçiriləcəyi məkan olaraq məhz müstəqilliyi cəmi 20 il bundan əvvəl tanınan Azərbaycanın seçilməsi böyük uğurdur. Bu, Azərbaycan dövlətinə olan inam və etimaddır. Hər bir azərbaycanlı bu Oyunlarla fəxr edir. I Avropa Oyunları ev sahibliyi etdiyimiz ilk beynəlxalq tədbir deyil. Bu sahədə böyük təcrübələrimiz olub. Çox sayda beynəlxalq konfransları təşkil etmişik. Hər bir tədbirə Azərbaycan öz imzasını atıb. 3 il öncə “Avroviziya” mahnı müsabiqəsi keçirildi. İnanırıq ki, Oyunlardan əldə etdiyimiz uğurlar bir daha ölkəmizə başucalığı gətirəcək”.

“Oyunlar Qarabağ probleminin həllinə aparan yola işıq saçacaq”

Xanım deputat əlavə edib ki, bu Oyunlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mübarizəsinin həllində əhəmiyyətli addım olacaq: “Bu günədək Azərbaycan reallığını görmək istəməyən ölkələr və fövqəldövlətlər bir daha əmin olacaq ki, Azərbaycan sülh tərəfdarıdır, ölkəmizin heç bir ölkənin torpağında gözü yoxdur. Əksinə, bütün bunları Azərbaycana qarşı ediblər. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizlik qarşısında susur. İnanırıq ki, Avropa Oyunlarında milyonların gözünün Azərbaycana zillənməsi ölkəmizin mövqeyini bir daha möhkəmləndirəcək, Qarabağ probleminin həllinə aparan yola əhəmiyyətli bir işıq saçacaq”.

“Ədalətli mövqelərini” Dağlıq Qarabağ probleminin həllinə yönəltsinlər”

O, boykot çağırışlarına da reaksiya verib. Onun sözlərinə görə, bar verən ağaca daş atan çox olur: “Azərbaycan həqiqətlərini görməzlikdən gələn qüvvələr dünən də olub, bu gün də var. Onlar düşmən dəyirmanına su tökən, erməni lobbisinin tərəfdarı olan qüvvələrdir. Ölkəmizə qarşı heç bir əsası olmayan şayiələr yayırlar. Yaxşı olardı ki, onlar dırnaqarası ədalətli mövqelərini Dağlıq Qarabağ probleminin həllinə yönəltsinlər. Azərbaycanın öz evində torpaq bütövlüyü pozulub, öz vətəndaşı torpağında qaçqın vəziyyətinə düşüb. Bu, dünyadakı bir neçə nümunədən biridir və absurd şeydir. Yaxşı olardı ki, boykot çağırış edənlər özlərinin dırnaqarası demokratiya prinsiplərinə əsaslanaraq bu məsələləri nəzərdən keçirsinlər. Niyə beynəlxalq konvensiyalar həyata keçirilmir, BMT-nin qətnamələri havadan asılı qalıb?”

O söyləyib ki, Azərbaycan I Avropa oyunları ilə bir daha tolerant, dünyəvi, sülh tərəfdarı olan ölkə olduğunu nümayiş etdirəcək: “Yüksək səviyyədə hazırlıq gedir. Məşəl alovlandırıldı, bizi bu gözəl oyunlardan cəmi 43 gün ayırır. Hər şey stabil şəraitdə keçəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər