"Bölgəyə sülhməramlıları yeritmək lazım olacaq"
"Biz bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik". Bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın "Vedomosti" nəşrinə müsahibəsində deyib.
Həmsədrlərin Moskva səfərini şərh edən C.Uorlik bildirib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarının axtarışına davam etməlidir: "Biz Moskvada bunu bir daha təsdiq etdik. Bu il prezidentlərin görüşünü səbirsizliklə gözləyirik. Lakin görüşün uğurlu olması üçün müzakirəni hazırlamalıyıq. Həmsədrlərlə bu məsələni müzakirə etdik".
Amerikalı həmsədr qeyd edib ki, Rusiya uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqlarda aktiv iştirak edir: "Biz konkret prinsiplər və nizama salınma elementləri haqda danışırıq. Onlardan bir çoxu Dmitri Medvedevin həyata keçirdiyi danışıqlar zamanı irəli sürülüb. O zaman nələrin edildiyi haqda müzakirələr gedir. Yəni biz yeni yanaşmaları ixtira etməyə çalışmırıq. O zaman nail olunan bir sıra əhəmiyyətli məsələlər haqda danışıqları davam etdirməyə çalışırıq. Buraya Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınların vəziyyəti, təhlükəsizliyin zəmanəti kimi məsələlər daxildir. Biz bütün bu məsələlərə kompleks olaraq baxırıq".
Həmsədr-"Ermənistan münaqişənin başlanğıcında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə daxil olmayan rayonlarından çıxmalıdırmı" sualına belə cavab verib: "İşğal edilmiş ərazilər kompleks nizamasalma çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılmalıdır".
Beləliklə, rəsmi Vaşinqton bir fikirlə iki erməni mifini birdən zibil qutusuna tullayıb və öz qəti mövqeyini təsdiq edib: Birincisi, Dağlıq Qarabağ ətrafındakı ərazilər "azad edilmiş" və ya hətta "mübahisəli" deyil, məhz "işğal edilmiş" ərazilərdir; İkincisi, işğalçı tərəf mifik "Qarabağ erməni qüvvələri" deyil, məhz Ermənistandır.
Urolikdən Minsk qrupu ilə bağlı etiraf
C.Uorlik Minsk qrupunun 23 il fəaliyyət göstərməsinə baxmayaraq, real nəticələrə nail olmadığını dilə gətirib: "Bu format müzakirələrə, dialoqa imkan yaradır. Bu həqiqətdir ki, böyük məyusluq baş verir, xüsusilə, regionun özündə. Çünki regionun sakinləri artıq iki onillikdir ki, bu münaqişəyə şahidlik edir. Atəşkəsə tam şəkildə əməl olunmur. Bu, bizdə qorxulara səbəb olur. Lakin hesab edirik ki, sülh əldə oluna bilər. Bu da yalnız danışıqlar yolu ilə mümkündür. Vaşinqton və Moskva bu prosesdə iştiraka davam edir və gələcəkdə razılaşmaya gətirib çıxaracaq bütün elementləri araşdırırıq".
"Torpaqlar qaytarılarsa, sülhməramlı qüvvələri yeritmək lazım olacaq"
Amerikalı həmsədri münaqişənin yenidən kəskin şəkildə gərginləşə biləcəyi ehtimalını istisna etməyib və bundan qorxduqlarını etiraf edib: "2014-cü il çox təhlükəli oldu. Hər iki tərəf toqquşmalarda itkilər verdi. 2015-ci ilin yanvarında itkilər daha da böyüdü. Bu, son 20 il ərzində ən təhlükəli anlar idi. Ona görə də münaqişənin genişlənə biləcəyindən ehtiyat etməyə əsaslar var. Buna görə də danışıqlar yolu ilə həll variantını tapmaq və atəşkəs rejiminin qorunub saxlanılması üçün birlikdə işləmək əhəmiyyətlidir. Çünki bu, təhlükəli və qanlı münaqişədir. Biz Azərbaycan və Ermənistan tərəfinin silahlanmaya xüsusi diqqət yetirdiyini anlayırıq, hər iki ölkə təhlükəsizliyinin qeydinə qalır. Lakin bu, eyni zamanda, hərbiləşməni gücləndirir, təmas xəttində gərginliyi artırır. Çünki vaxtilə atəşkəs kiçik çaplı silahlar və snayperlərlə pozulurdusa, indi biz orada ağır silahların işə salındığını bilirik. Bu, bizi ciddi şəkildə narahat edir. Digər tərəfdən hərbi balansın pozulması bizi narahat edir və biz istəmirik ki, hansısa ölkə digərindən daha güclü olsun. Bu istiqamətdə də danışıqlar aparırıq. Buna görə də Ermənistan danışıqlar prosesində iştirakını davam etdirməlidir. İşğal edilmiş ərazilər ümumi nizama salınma çərçivəsində Azərbaycanın idarəçiliyinə qaytarılmalıdır. Lakin bəzi amillər də var. Sadəcə olaraq, biz həmişə münaqişənin kompleks həllindən danışırıq. Kimlərsə hansısa müddəaları əsas gətirib iddialar irəli sürə bilər. Amma dediyim kimi, bu, ümumi məsələdir. Nizama salınma elementlərində təhlükəsizlik zəmanəti əsas olmalıdır. Bu da beynəlxalq sülhməramlıların iştirakına zərurət yaradır".
Onun fikrincə, işğal olunmuş ərazilər Azərbaycana qaytarıldığı halda beynəlxalq sühlməramlılar ora Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün yeridilməlidir: "Nə vaxt ərazilər qaytarılacaq, insanlar geri dönəcək, o zaman Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq sülhməramlılar bu prosesdə iştirak edəcəklər. Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq".
Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.
"Sülhməramlıların yerləşdirilməsi çox mücərrəd məsələdir"
Amerikalı həmsədrin fikirlərini şərh edən politoloq Fikrət Sadıxovun fikrincə, Ceyms Uorlik kifayət qədər ziddiyyətli bəyanatlar sərgiləyən diplomatdır: "Onun "Azərbaycan torpaqları azad olunmalı, işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır" ifadəsi bizim maraqlarımıza cavab verən ifadədir. Amma sülhməramlıların yerləşdirilməsi isə çox mücərrəd məsələdir. Biz o nöqtəyə çatanadək böyük mərhələ keçməliyik. Torpaqlar azad olunmalı, Dağlıq Qarabağın statusu məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqınlar yerlərinə qayıtmalıdır. Ondan sonra sülməramlıların yerləşməsi məsələsi gündəmə gələ və onun ətrafında müzakirələr gedə bilər. Bu prosesin necə bir formatda olacağı, hansı dövlətlərin təmsil olunacağı və harada yerləşəcəyi, o cümlədən hansı beynəlxalq təşkilatın mandatı altında fəaliyyət göstərəcəyi kimi məsələlər sonra dəqiqləşə bilər. İndi reallığı yaddan çıxarıb sabahı fikirləşmək və bu barədə danışmağa hələ dəyməz".
"ABŞ bilir ki, Azərbaycandan üz döndərsə, başqa müttəfiq axtaracağıq"
F.Sadıxov qeyd edib ki, dünyadakı geosiyası qarşıdurma elə bir vəziyyətə gəlib çatıb ki, ABŞ Cənubi Qafqazda öz maraqları çərçivəsində hər hansı addım atmalıdır: "Uorlik bunu çox gözəl başa düşür. Çünki ABŞ ilə Rusiya arasında qarşıdurma fonunda ABŞ bilir ki, Azərbaycandan üz döndərsə, təbii ki, ölkəmiz başqa bir müttəfiq axtarışında olacaq. Uorlikin bəyanatı bu fikirlərindən irəli gəlir. Amma bəyanat səviyyəsindən praktiki addımlara keçmək lazımdır. 20 il ərzində səslənən bəyanatlardan yorulmuşuq. Bizə real addımlar lazımdır. ABŞ kimi bir ölkənin diplomatı "Azərbaycan torpaqları azad olunmalıdır" fikrini irəli sürürsə, bu istiqamətdə konkret iş görsünlər, vəssalam.
Politoloq Azərbaycan və Ermənistan Prezidentləri arasında bu il baş tutması gözlənilən görüşə də toxunub: "Görüş naminə keçirilən görüş heç bir nəticə verə bilməz. Azərbaycanla Ermənistanı eyni görməməlidirlər. Ermənistanın yox, bizim torpaqlarımız işğal olunub. Minsk qrupunun həmsədrləri, xüsusilə, ABŞ nümayəndəsi Uorlik bu barədə danışırsa, Azərbaycan torpaqlarının azad olunması prosesinə başlanmalıdır. Bu istiqamətdə təklifləri isə həmsədrlər irəli sürməlidir".
"Qərb tonunu dəyişməli və Azərbaycanla normal münasibətlərə qayıtmalıdır"
Politoloq Qabil Hüseynli söyləyib ki, Qərb hələ indi yeni-yeni həqiqətləri söyləməyə başlayıb. O hesab edir ki, həmsədrin fikirləri fonunda Qərb Bakını şirnikləndirməyə çalışır: "Qərb son zamanlar görür ki, Azərbaycan Rusiyaya və Şanxay Əməkdaşlıq Təşkilatına doğru meyillənə bilər. Belə olan tərzdə bir növ Azərbaycanla bağlı həqiqətləri söyləməyə və Bakını şirnikləndirən bəyanatlar verməyə başlayır.
Doğrudur, insan haqları və bir sıra məsələlər barədə hələ də mövqelərini dəyişməyiblər, amma Qərb üçün əsas məsələ Rusiyanın çoxqütblü dünya yaratmaq istəməsinin qarşısını kəsməkdir. Təəssüf, bəzən Qərb elə addımlar atır ki, yanındakı dövlətləri də özündən uzaqlaşdırır. Qərb tonunu dəyişməli və Azərbaycanla normal münasibətlərə qayıtmalıdır. Bundan başqa bu məsələdə Azərbaycana ikinci və ya üçüncü dərəcəli dövlət kimi yox, eyni hüquqlu partnyor kimi yanaşmalıdır. Görünür, Qərbdə artıq bunu başa düşməyə başlayıblar. Obamanın təbrik məktubu, Uorlikin Azərbaycan torpaqlarını Ermənistanın işğal etməsi faktını etiraf etməsi, həmçinin Almaniyanın Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini nəzarətdə saxlaması ilə bağlı qəbul etdiyi bəyanat buna nümunədir. Əslində, bu, nəzarət də deyil, işğaldır. Hər halda, Azərbaycan çətin seçim qarşısındadır. Bu seçim Qərb oriyentasıyasından tutmuş Şanxay Əməkdaşlıq Təşkilatına qədər olan mövqeləri əhatə edir".
Q.Hüseynli vurğulayıb ki, Azərbaycanın əsas ticarət partnyorları Qərbdədir: "Belə bir şəraitdə onlardan üz çevirmək çətin olacaq, amma Azərbaycan həm Qərbi, həm də Şərqi bir əlində tutmağa çalışacaq. Bir sözlə, vəziyyət çox mürəkkəbdir və Azərbaycan çox çətin diplomatik mübarizənin tən ortasındadır".
NƏRGİZ