“Türkiyə-Rusiya münasibətlərinin normallaşması hələ uzun müddət ictimai müzakirələrin gündəliyində əsas məsələlərdən biri kimi duracaq. Çünki bu iki nəhəng dövlətin dostlaşması təkcə regionun deyil, dünyanın ab-havasının dəyişməsinə ciddi təsir edəcək”.
Bunu Teleqraf.com saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. O bildirib ki, bu gün hər iki ölkənin dünyaya inteqrasiyasına bir sıra problemlər yaradılır.
Onların tam potensialının göstərilməsi, fərqli mövqe nümayiş etdirməsi heç də Qərb və ABŞ tərəfindən birmənalı qəbul edilmir: “2007-ci ildən başlayaraq iki ölkə arasında dostluq körpüsünün salınması regionda situasiyanı kökündən dəyişdi. Ticarət-iqtisadi əlaqələr gücləndi, bir sıra məsələlərin həllinə dair çox ciddi, birgə yanaşmalar əldə edildi, Dağlıq Qarabağ probleminin həllində Türkiyənin siyasi çəkisi artdı. Ən əsası isə Yaxın Şərqdə bu iki ölkə birgə addımlar atmağa başladılar.
Hesab edirəm ki, iki ölkənin yaxınlaşması ilk növbədə dünyada situasiyanın müsbətə doğru dəyişməsinə, ilk növbədə Suriya məsələsinin tezliklə həll edilməsinə gətirib çıxaracaq. Bildiyimiz kimi hər iki ölkə Suriya müstəvisində çox ciddi siyasi oyunçulardan biridir və bu yaxınlaşmadan sonra ümumən götürdükdə, həm İŞİD təhlükəsi aradan qalxacaq, həm də Suriya ilə bağlı müəyyən nəticəyə gəlmək mümkün olacaq. Bundan əlavə Rusiya və Türkiyənin yaxınlaşması ticarət-iqtisadi əlaqələrin güclənməsinə, yeni texnologiyaların tətbiqinə, eyni zamanda Avropa İttifaqında baş verən böhran hadisələrinin Asiyaya təsirini azaltmağa yönələn addımların atılmasına gətirib çıxaracaq”.
Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycana təsirinə gəldikdə isə A.Mirzəzadə qeyd edib ki, Azərbaycan onsuz da hər iki ölkə ilə dost idi: “Burada bizim uduzduğumuz ancaq psixoloji faktor idi. Azərbaycan münasibətlərin yaxşılaşması üçün bütün diplomatik səylərini ortaya qoydu. Təsadüfi deyil ki, normallaşma ilə bağlı ilk xəbərlər çıxdıqdan sonra Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan və Qazaxıstan rəhbərlərinə münasibətlərin normallaşması istiqamətindəki səylərinə görə öz təşəkkürünü bildirdi. Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə təsirlərinə gəldikdə isə, onsuz da Azərbaycanın özünün fəaliyyəti nəticəsində problemin həlli yaxınlaşıb.
“Aprel hadisələri”ndən sonra isə Ermənistan artıq torpaqları işğaldan azad etməkdən başqa çıxış yolunun olmadığını qənaətinə gəlib. Bu baxımdan son görüşlər, mümkün həll variantları barədə müəyyən xəbərlərin yayılması Dağlıq Qarabağ probleminin həllinin yaxınlaşdığını göstərir. Ancaq bununla belə, problemin həllində Türkiyənin iştirakı vacibdi və arzuolunandır.
Çünki bildiyiniz kimi Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq Ermənistanla sərhədlərini bağlayıb və Ermənistan bundan çox ciddi ziyan çəkir. Mümkündür ki, danışıqların növbəti mərhələsində Ermənistan artıq mərhələli həll planına gedərsə, Azərbaycanla yanaşı Türkiyə ilə də sərhədlərin açılması məsələsini qoya və bu məsələdə Rusiyanın yardımçı olmasını xahiş edə bilər. Yəni, burada Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasının müsbət təsirləri çoxdur. Ümid etmək istərdim ki, hər iki tərəf bundan sonra münasibətləri ağırlaşdıracaq addımlardan çəkinəcək”.
Səxavət HƏMİD