19 İyul 2016 15:20
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstanda cərəyan edən hadisələrlə Türkiyə və Ermənistandakı hadisələri qarışdırmaq lazım deyil. Qazaxıstanda başqa məsələdir. Bu ölkədə ictimai durum çox gərgindir. Bu gərginlik postsovet məkanının digər ölkələrində də var”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rasim Ağayev deyib. Onun sözlərinə görə, hakimiyyət güclüdür, onun xalq arasında böyük mövqeyi var, tərəfdarları çoxdur. Bununla belə R.Ağayev bildirib ki, Qazaxıstanda ciddi ictimai proses gedir: “Bu da ondan ibarətdir ki, xalq üç təbəqəyə bölünüb; çox varlılar, varlılar və acından ölənlər. Bu da gərginlik yaradır. Bir yandan Qazaxıstan hakimiyyəti göstərmək istəyir ki, silahlılar narkoman və sair bu kimi xüsusiyyətləri özündə daşıyan şəxslərdir. Elə deyil. Qazaxıstanda uzun illərdir Misirdə və başqa ərəb ölkələrində təhsil almış islamçılar toparlanırlar.

Biz bilirik ki, bunlar əsasən gənclər olur və hansısa radikal qüvvələrin təsiri altındadırlar. Bu çaxnaşma ilə göstərmək istəyirlər ki, Nazarbayev çox da özünə uymasın. Mən Nazarbayevin çıxış videosuna baxdım. Çox narahat, çox pərişan idi. Mən onu heç belə görməmişdim. Bir-iki cümlə düzüb-qoşub danışa bilmirdi. O, əlindən gələni edir. Amma bundan artığına imkanı çatmır. Qazaxıstanda bir qrupun varlanması prosesi sürətlə gedir. Bunu da ancaq inqilabi yolla dayandırmaq olar. Bu zaman Nazarbayev gərək ilk növbədə öz qohumlarının həbsinə başlasın”.

R.Ağayev bildirib ki, islama üz tutanlar onun mötədil qoluna deyil, radikal xəttinə üstünlük verirlər.
Müsahibimiz Qazaxıstanda baş verənlərdə xarici amillərin roluna da diqqət çəkib: “Bəzən, bu prosesdə Rusiyanın adını hallandırırlar. Amma Rusiyanın nəyinə gərəkdir ki, öz müttəfiqinin daxili həyatını qarışdırsın?! Nazarbayev samballı hakimdir. Qazaxıstan əhalisinin yarısı da ruslardır. Rusiya faktoru ilə bağlı onu demək olar ki, Qazaxıstana çoxdandır belə bir milli ideologiya formalaşıb onların yolu Moskva deyil, Pekinə doğru olmalıdır. Onlar daha çox Çinə üz tutmağa meyillidirlər. Xatırlayıram, 1972-ci ildə Moskvada məşhur özbək şairi “Uygün”un oğlu mənə deyirdi ki, beynəlxalq mərkəzlərin proqnozuna görə XXI əsrin əvvəlində sarı irq bütün dünyanı bürüyəcək.

Sonradan bu rəqəmi 2025-ci ilə qaldırdılar və bildirdilər ki, həmin vaxtadək bütün dünya “sarı irq”in əlində olacaq. Yəni bu ideologiya özbəklər və qazaxlar arasında çox yayılıb. Bu da özünü göstərməlidir. Ancaq hələlik onlar bir qüvvə kimi meydana çıxmayıblar. Meydanda radikal islamçılardır”.

R.Ağayev Qazaxıstandakı hadisələrin necə yekunlaşacağına dair də öz fikirlərini açıqlayıb: “Mənə elə gəlir ki, hakimiyyət öz qüvvəsini göstərəcək. Kimi lazımdırsa öldürəcək, kimi lazımdır tutacaq. Bununla da məsələ növbəti partlayışadək bitəcək. Qazaxıstan Rusiyanın müttəfiqidir. Onlardan ciddi köməklik duyur, kömək alır. Rusiya Qazaxıstanın qonşusudur, orda ruslar da çoxdur. Rusiya istəməz ki, Qazaxıstan parçalansın. Sergey Şoyqunun da fikri ona dəlalət edir ki, Moskva bu cür hadisələrdən çox narahatdır. Ona görə məsələni yoluna qoymaq üçün əlindən gələni edəcək”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər