“REAL Hərəkatı və Müsavat Partiyası referendumla bağlı təşəbbüs qrupu yaratmaq niyyətində bulunub. YAP da “Yeni Azərbaycan” Qrupu yaradıb. Sözün doğrusu, YAP-dan başqa digər qrupların 40 min imza toplayacağı indiki qızmar yay günündə inandırıcı deyil. Biz bir neçə dəfə prezident seçkilərində 40 min imza toplamışıq və bunun üçün nə qədər maliyyə və insan resursları tələb olunduğunu bilirik. Bu da indiki halda YAP-dan başqa digər iki siyasi qurumda yoxdur.
Milli Şura da başa düşdü ki, bu, onların imkanları xaricindədir, başqa bir yol seçdilər. Bildilər ki, indiki çətin durumda imza toplaya bilməmələri onların gücsüzlüyünün növbəti dəfə təzahürü olacaq, ona görə də imtina etdilər. Əlbəttə, mən də istəyərdim ki, çoxsaylı təşəbbüs qrupları prosesə qatılsın, teledebatlar, mübahisə və qızğın polemikalar olsun, amma indiki reallıqda bunun mümkünsüzlüyünü də görmək lazımdır. Təbii ki, xeyli dağınıq olan müxalif kəsim bir araya gəlsəydi, buna nail olmaq mümkün olardı. Amma bu qüvvələrin hikkələri, ambisiyaları, bir-birlərini qəbul etməmələri, eyni zamanda bütövlükdə ölkədə siyasi mədəniyyətin aşağı olması onları birliyə nail olunmaq şansından məhrum etdi”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev referendum aktı ilə bağlı yaradılan təşəbbüs qrupları haqda xəbərləri qiymətləndirərkən deyib.
BAXCP sədri hesab etmir ki, bu gün Azərbaycanın ən ciddi problem, doğrudan da referendumdur: “Azərbaycan üçün bu gün ən ciddi məsələ Dağlıq Qarabağın taleyidir və Azərbaycanın siyasi partiyaları da bütün resurslarını səfərbər etməlidirlər ki, bu istiqamətdə hansısa uğura imza ataq. BAXCP-yə gəldikdə isə biz ona görə təşəbbüs qrupu yaratmaqdan imtina etdik ki, neçə illərdi biz parlamentli respublika təşəbbüsü ilə çıxış edirik və indiki mərhələdə də bəyan etmişik ki, iqtidar hansı nöqteyi-nəzərdən bu addımları ata bilər. Yəni bu referendum daxili ehtiyaclardan daha çox regionda və dünyada yaranmış təlatümlərdən və bizi də ciddi narahat edən proseslərdən qaynaqlanır.
Yəni iqtidar da hesab edir ki, indiki mərhələdə Azərbaycanı xarici təhlükələrdən qorumaq üşün mütləq güclü prezidentlik institututu yaradılmalıdır. Eyni zamanda, idarəetmədə də müəyyən təkmilləşdirmələr aparılır. Biz bunların bəzilərinə öz tənqidi fikirlərimizi də bildirmişdik. Amma yenə də deyirəm bunlar bu gün Azərbaycan üçün əsas məsələ deyil və əminəm ki, Qarabağ problemi öz həllini tapandan sonra məhz elə Azərbaycan iqtidarının özü bu istiqamətdə addım atacaq. Çünki artıq Gürcüstan parlamentli respublika modelinə keçib, indi Ermənistan da buna gedir, Qırğızıstanda bu modeldir və Qazaxıstanda da artıq bu istiqamətdə addımlar atılmağa başlayır. Yəni cəmiyyətin inkişafı və yeni reallıqlar Azərbaycanı parlamentli respublikaya keçidə sövq edəcək.
Bu gün iqtidarda olanlar da bilirlər ki, demokratik ənənələrindən və artıq genimizə oturuşmuş Şərq mentalitetindən yavaş-yavaş azad olmağın yolu, demokratik ənənələrin və demokratik dünyagörüşün formalaşması, siyasi dözümlülük, tolerantlıq kimi keyfiyyətlərin insanlara aşılanması üçün Azərbaycan parlamentli respublika modelinə keçməlidir və babalarımız da məhz buna görə ilk respublikanı parlamentli respublika modelində qurublar. Atatürk də məhz buna görə Türkiyəni parlamentli respublika modelində qurub”.
Nemət