Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Yevlax şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib.
Teleqraf.com-un məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin taleyini müəyyən edəcək:
“Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyəti məhz insan haqlarının qorunmasına həsr edilib. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verilməsinin əsas göstəricisidir”.
Qadın seçicilərlə görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyə istiqamətlənib: “Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq.
Düşünürəm ki, Yevlax rayonunun seçiciləri bu işdə aktiv olub, öz gələcəyinə səs verəcək”.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev isə qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq.
Kəmalə