Bu gün referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu bir neçə rayonda təbliğat-təşviqat kampaniyası keçirib.
Teleqraf.com xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüş olub.
Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon Gənclər Birliyinin sədr müavini Elvin İmaməliyev ilk dəfə səs verən gənclərə öz gələcək fəaliyyətlərində uğurlar diləyib və qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün nurlu bir işıqdır: “Biz gənclər həmrəy olub təklif olunan dəyişikliklərə “hə” deyəcəyik.
İlk dəfə səs verəcək gənclərdən Kamran Quliyev, Aslan Musayev, Vidadi Musayev, Elşən Cəfərov və başqaları ayrı-ayrılıqda çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi-referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini deyiblər.
Eyni zamanda “Yeni Azərbaycan” təşviqat qrupunun Şabran rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qonaqları salamlayaraq Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: “Təklif olunan dəyişiklər gələcəyimiz üçün önəmlidir. Ona görə də Şabran rayon seçiciləri bütün seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də fəal olub öz gələcəyi naminə səs verməlidirlər”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov söyləyib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər addım Azərbaycanın və xalqımızın uğurlu gələcəyinə istiqamətlənib: “Konstitusiyaya təklif edilən əlavə və dəyişikləri nəzərdən keçirdikdə görürük ki, orada nəzərdə tutulan bütün müddəalar dövlətimizin, eləcə də xalqımızın daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək seçkilərdə xalqımızı daha aktiv olmağa səsləyirəm”.
Seçicilərlə görüşdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Konstitusiyada nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirib.
Sonda seçicilər referendum aktı haqqında öz fikirlərini bildirərək, seçkilərdə fəal olacaqlarını söyləyiblər.
Kəmalə