9 Sentyabr 2016 13:15
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Teleqraf.com-un suallarını cavablandırıb.

-Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının referendumla bağlı təşviqat işləri necə gedir?

-Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu yaradılıb. Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib, bu qurumun qəbul etdiyi təlimat və qrafikə uyğun olaraq öz fəaliyyətimizi davam etdiririk. Sentyabrın 3-dən təbliğat və təşviqat kampaniyasına start verildi, bu kampaniyada aktiv iştirak edirik. Hər gün regionlarda tədbirlər keçirilir, müxtəlif kateqoriyadan olan insanlarla, seçicilərlə, o cümlədən qadın və gənclərlə görüşlər aparırıq. Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları, səlahiyyətli nümayəndələrimiz, vəkillər, ziyalılar, partiyanın yerlərdə yaradılan seçki qərargahlarının üzvləri insanlar qarşısında çıxış edir, referenduma təklif olunan məsələlərin şərhi ilə məşğul olurlar.

-İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra bu hadisə Azərbaycanın da gündəmini məşğul etdi. Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi barədə ilkin informasiya da həmin günlərdə yayıldı. Konstitusiya dəyişikliklərini zəruri edən amillər hansılardır?

-İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd oldu, ayın 18-də cənab prezident İlham Əliyev Referendum Aktı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət göndərdi. 3 günə Konstitusiyada dəyişiklik layihəsi hazırlamaq mümkün deyil. Referendum məsələsinin Türkiyədəki dövlət çevrilişi ilə heç bir əlaqəsi yoxdur. Referendum – Konstitusiyaya olunan əlavə və dəyişikliklər zərurətindən irəli gəlir.

Azərbaycanda iqtisadiyyat, sosial sahə inkişaf edir, ölkəmiz beynəlxalq konvensiyalara qoşulur, dövlət strukturunda islahatlar gedir, insan hüquq və azadlıqları qorunur və daha da möhkəmləndirilir. Bütün konvensiyalara qoşulandan sonra bizim baş qanunumuz olan Konstitusiyada da dəyişiklik olmalıdır ki, digər qanunlarımızda da əksini tapsın.

Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb, onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına həsr edilib.

-Vitse-prezidentlik institutu maraqla qarşılandı. Ümumilikdə nə kimi siyasi islahatlar gözlənilir?

-Ölkədə idarəçilik sistemi daim təkmilləşir. Cənab Prezidenti müxtəlif strukturlarla bağlı fərman və sərəncamlar verir. Bu, cəmiyyətdən gələn təklif və tələb əsasında olur. Bu yaxınlarda ərzaq təhlükəsizliyi, tikinti ilə əlaqədar agentlik yaradılması haqda qərar verildi. Vaxtilə Azərbaycanda bu cür strukturlar olmayıb, indi təzə-təzə yaradılır. Bütün bu proseslər tədricən ortaya çıxır.

Vitse-prezidentlik institutunun yaranması zərurəti idarəetmə sisteminin təkmilləşdirilməsindən qaynaqlanır. Bəziləri yazır monarxiya olacaq... Bu fikirlərin hamısı yanlış məlumatlardan törəyir və cəmiyyəti çaşdırmağa yönəlib. Seçkili sistem əsasında formalaşan dövlət quruluşunda monarxiyadan söhbət gedə bilməz. Çünki xalq gəlib seçimini edir, öz münasibətini bildirir. Monarxiya məsələsini ortaya atanlar ancaq şəxsi maraqlarını güdən və Azərbaycan dövlətinin əleyhinə olan insanlardır. Bu dəyişikliklər sırf dövlət aparatının təkmilləşməsinə hesablanıb.

-Vitse-prezidentlik postuna namizədlər sırasında müxtəlif adlar çəkilir. Bu adlar sırasında birinci xanımın ismi daha tez-tez səslənir. Sizcə, kimlər vitse-prezident ola bilər?

-Burada 2 məsələ öz əksini tapmalıdır. Birincisi, xalq gəlib səs verib bu institutu yaratmalıdır. İkincisi, Konstitusiyanın yeni müddəasında birbaşa göstərilir ki, vitse-prezidentin təyinatı cənab Prezidentin səlahiyyətindədir. O, kimi məsləhət və layiq biləcəksə, kimə etimad göstərəcəksə, vitse-prezident də o adam olacaq. Mən ad çəkə bilmərəm, çünki bu mənim səlahiyyətimə aid deyil. Qəzetlərdə, saytlarda mən də oxuyuram, siyasətçilər müxtəlif adlar səsləndirirlər, ancaq bir daha deyirəm ki, bu, cənab Prezidentin səlahiyyətinə aiddir.

-Baş nazir institutu necə, ləğv ediləcəkmi?

-Nazirlər Kabinetinin statusu Konstitusiyada təsbit edilib. Əgər belə struktur olmayacaqdısa, referenduma çıxarılıb o da ləğv olunmalı idi. Nazirlər Kabineti ilə bağlı hər hansı məsələ referenduma çıxarılmayıb. Əksinə, Nazirlər Kabinetinin gələcəkdə fəaliyyətinin təkmilləşdirilməsinə yönılmiş müvafiq maddələr var. Konstitusiyadan başı çıxmayanlar belə fikir yürüdürlər ki, vitse-prezidentlik institutu yaranırsa, Nazirlər Kabineti ləğv ediləcək.

Nazirlər Kabinetinin statusu tamam başqadır və bu qurum öz fəaliyyətini davam etdirəcək. Bu gün Azərbaycanda çox böyük işlər gedir, iqtisadiyyat və sosial sahə inkişaf edir. Ölkəmiz bir çox konfrans və mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan nüfuzlu təbirlərə qatılır. Kifayət qədər səlahiyyətli nümayəndələr lazımdır ki, ölkəmizi layiqli şəkildə təmsil etsin.

Yəni ölçülüb-biçilib ki, belə struktur yaradılsın, həm ölkə daxilində idarəçilik təkmilləşdirilsin, həm də beynəlxalq səviyyədə Azərbaycanın təmsilçiliyi həyata keçirilsin.

-Referendumdan sonra gələn il parlamentin buraxılıb yeni seçkilər keçiriləcəyi barədə xəbərlər dolaşır. Bu, nə dərəcədə realdır?

-Bu, kimlərisə şirnikləşdirməkdən başqa bir şey deyil. Ölkənin Parlamenti də, Prezidenti də seçilib. Vaxtından əvvəl seçkilər isə qanunla müəyyənləşir. Belə hal yoxdur. Bu cür yanlış informasiyalar verilir ki, kimlərsə həvəslənsin, indidən seçkiyə, yaxud başqa strukturlara hazırlaşsın. Referendumun parlament və prezident seçkilərinə aidiyyatı yoxdur.

Bir məsələ var ki, növbəti prezident seçkilərində prezidentlik müddəti 7 ildən ibarət olacaq və prezidentliyə namizədliyi irəli sürmək üçün yaş məhdudiyyəti aradan qaldırılacaq.

-Məhdudiyyətlə bağlı fikirlər də birmənalı deyil...

-Məsələ insanlara düzgün izah olunmur. Biz dəfələrlə çıxışlarımızda buna toxunmuşuq. Azərbaycanda 5 milyon seçici var. Bu seçicilərdən 3 milyon 100 mininin yaşı 35-ə qədərdir. Yaş məhdudiyyəti olduğundan seçicilərin 60 faizdən çoxu seçsə də, seçilmək hüququndan məhrum olur.

Yaş məhdudiyyəti aradan götürüləndə onların seçmək, eyni zamanda seçilmək hüququ yaranır. Təbii və sonradan verilən hüquqlar var. Təbii hüquqlar insan doğulanda bəlli olur. Sonradan verilən hüquqlar isə müxtəlif qanunlarla təsbit edilir. İnsan 18 yaşına çatanda hüquqlara sahiblik etmək imkanına malik olur. Məsələn, ailə qurmaq, böyük müqavilələrə imza atmaq, mülkiyyət münasibətlərini həll etmək hüququ alırsa, onun seçilmək hüququ niyə olmasın?

Soruşurlar ki, 18 yaşında deputat və ya prezident necə olacaq? Söhbət ondan gedir ki, tutalım 35 yaşının tamam olmasına 3 ay qalmış şəxs faktiki olaraq prezidentliyə namizədliyini irəli sürə bilmir. Növbəti seçkilərdə iştirak etmək üçün gərək 5 il gözləsin. Ola bilsin, birinin 24 yaşı var, 8 ay sonra 25 yaşı olacaq, ancaq hamı istəyir ki, həmin şəxs parlamentə üzv seçilsin, yaxşı təhsili var, cəmiyyət arasında hörmət qazanıb. O gözləməlidir ki, növbəti 5 il keçsin, sonrakı seçkilərdə seçilmək hüququna malik olsun.

Söhbət ondan getmir ki, 18 yaşında gənc mütləq deputat seçiləcək. Seçmək hüququ xalqa aiddir. Sonuncu parlament seçkilərində çox böyük tədqiqatlar apardıq. Elə zona var ki, orada gənc deputat istəyirlər, elə bölgələr də var, yaşlı, yaxud orta yaşlı nümayəndəsini deputat görmək arzusu üstündür. ABŞ-da ata Buşla Klinton prezidentlik uğrunda mübarizə aparanda Klinton cavan oğlan idi, geyim formasını da dəyişmişdi, sadə qaydada geyinirdi, Corc Buş müharibə veteranı idi, Vyetnam müharibəsinin döyüşçüsü idi. Ancaq Klinton seçildi. O, prezidentliyi müddətdə ABŞ-ı çox yaxşı idarə elədi.

-Hazırda ABŞ-da gedən seçki kampaniyasını izləyirsiniz? Sizcə, Hillari Klintonun, yoxsa Donald Trampın prezident olması Azərbaycan-ABŞ münasibətləri üçün daha sərfəlidir?

-Amerikanın siyasəti dəyişmir. Orada sistem elə qurulub ki, məsələləri fərdlər həll eləmir. ABŞ-ın aparıcı siyasi kursu var, ola bilər, detallarda dəyişiklik olsun. Kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan Amerikanın strateji partnyorudur və bütün proseslərdə ABŞ-la birlikdə fəaliyyət göstərib, anti-terror əməliyyatlarında iştirak edib. Bu baxımdan ABŞ-da prezidentin kimliyinin bizim üçün o qədər də əhəmiyyəti yoxdur.

Əsas seçim Amerika xalqının seçimidir, kimi məsləhət biləcəksə, onu da seçəcək.

-Qayıdaq, referendum məsələsinə, Milli Şura sentyabrın 11-nə mitinq təyin edib. Digər partiyalar da aksiyaya dəstək verəcəklərini açıqlayıblar. Bu mitinqə münasibətiniz necədir?

-İstənilən şəxsin sərbəst toplaşmaq azadlığı var, partiya, təşkilat və ya qrup bu funksiyanı yerinə yetirə bilər. Bir məqıam da var, bu da onların qanunu yaxşı bilməməsindən irəli gəlir. Əgər onlar referendum əleyhinə hər hansı toplantı keçirirlərsə, artıq bu, Seçki Məcəlləsinin tələbləri ilə tənzimlənir. Hər hansı sosial məsələyə münasibət bildirməyi hədəfləyiblərsə, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə uyğun hərəkət etməlidirlər.

Sentyabrın 3-dən təbliğat və təşviqat kampaniyasına başlanılıb, kimlərsə referendumun ya lehinə, ya əleyhinə təbliğat aparmaq istəyirsə, Seçki Məcəlləsinin tələbinə uyğun təşviqat qrupu yaratmalıdır və MSK-da qeydiyyatdan keçirməlidir.

Qeydiyyatdan keçən qruplara 380-dən artıq yer ayrılıb ki, orada qapalı və açıq yerlərdə tədbir keçirmək olar. Digər şərtlər daxilində referendum əleyhinə hər hansı mitinq keçirmək qeyri-qanunidir. Bu, Seçki Məcəlləsinin tələblərini pozmaq deməkdir. Aidiyyəti strukturlar bununla məşğul olacaq.

Yenə deyirəm, sosial və digər məsələlərlə bağlı toplantı keçirmək istəyirlərsə, buyurub keçirə bilərlər, sərbəst toplaşmaq azadlığı onlara bu hüququ verir. Referendumla bağlı isə Seçki Məcəlləsinin tələblərinə riayət etmək lazımdır.

-Belə çıxır ki, referendumla bağlı mitinq keçirilsə, hüquq-mühafizə orqanları onu qanunsuz sayacaq və qarşısını alacaq?

- Bəli. Həmin mitinq qanunsuz olacaq, çünki onların təşviqat qrupu MSK-da qeydiyyatdan keçməyib. Ona görə də aidiyyəti strukturlar nə onlara yer ayırmalıdır, nə də mitinq keçirməyə imkan verməlidir.

-Əvvəllər müxalifətin Sahil bağında, Fəvvarələr meydanında keçirdiyi mitinqləri qərargahın eyvanından, hansısa kafedən izləyirdiniz.

-Hamısında iştirak eləmişəm...

- Əgər Məhsul stadionunda sosial məsələlərlə bağlı mitinq keçirilsə, gedib müşahidə aparacaqsınız?

-Bunların sosial bazası və elektoratı yoxdur. 5-10 nəfər qohum-əqrəba, bir az da qəzetlərindəki jurnalistləri, yaratdıqları QHT-ləri yığırlar, erməni lobbisi tərəfindən puldan-paradan alırlar və onun nəticəsində aksiyalar keçirmək istəyirlər. Saytlarda, yaxud internet qəzetlərində də elə yazıları 30-50 min insan oxuyur. Kiminsə hər hansı fikri varsa, saytda yayımlayanda onsuz da izləyən izləyəcək. Mitinqə 300-400 nəfəri yığmağın heç bir əhəmiyyəti yoxdur.

Bundansa sosial şəbəkələr vasitəsilə öz fikirlərini çatdıra bilərlər. Bəzən feysbukda paylaşımlar 100 min nəfər tərəfindən izlənilir. Onlar aksiyalarda şəkil çəkdirmək istəyirlər ki, gələcəkdə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edə biləcək təşkilatların əlində fakt olsun.

Burada Azərbaycan xalqına və dövlətçiliyə heç bir xidmətdən söhbət gedə bilməz. Sadəcə aldıqları pulları silmək, gələcəkdə Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə bəhrələnmək istəyən təşkilat və dövlətlərə fakt vermək niyyətindədirlər. Milli Şura dərnəkdir, onlar ancaq bununla məşğuldurlar.

-Bəzi media quruluşlarında belə məlumatlar yayıldı ki, avqustun sonlarında bir sıra müxalifət nümayəndələri ABŞ, Fransa, Böyük Britaniya səfirliklərində görüşdə olublar və mitinqin arxasında Qərb dayanır. Milli Şura sədri Cəmil Həsənli başda olmaqla mitinq təşkilatçıları bu fikirləri inkar edirlər...

-Qərbin müəyyən dairələri, QHT-ləri var ki, onların idarə heyətində ermənilər fəaliyyət göstərir. Onlar Azərbaycanın inkişafını, ölkəmizdən olan ictimai-siyasi sabitliyi gözü götürməyən qüvvələrdir. Çalışırlar ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozulsun, qarşıdurmalar yaransın. Ermənistanda hər gün narazılıqlar baş alıb gedir. Orada insan hüquqları kobud şəkildə pozulur, sosial məsələlərlə bağlı etirazlar güclənir.

Dünyada sosioloji sorğu keçiriblər, insanların ən çox arzuladığı şey ictimai-siyasi sabitlikdir. Rəyi soruşulanlar ilk növbədə sakitlik və sabitlik arzusunda olduqlarını vurğulayıblar.

Hər şey gözümüzün qarşısında baş verir, ətrafımızdakı dövlətlərdə hər gün nə qədər insan ölür, nə qədəri yaralanır, terror aktları törədilir, partlayışlar olur. Qardaş Türkiyədə hər dəfə terror, insan itkisi xəbərləri oxuyanda əhvalım pozulur. Bu qədər terror olmaz axı. Terrorist təşkilatlar Türkiyə ərazisinə tökülüşüblər və dövləti laxlatmaq, türk xalqını qorxutmaq istəyirlər. Biz bir millət, iki dövlətik, Türkiyəyə olan hər hansı zərbə hesab edirik ki, Azərbaycana vurulur. Azərbaycanda cənab Prezident başda olmaqla xalqla iqtidarın birliyi var, o cümlədən hüquq-mühafizə orqanları bütün təxribatların qarşısını alır.

Azərbaycan sabitlik halqasıdır, beynəlxalq tədbirlərin mərkəzidir. Bunu gözü götürməyə qüvvələr Milli Şura tipli qurumların əli ilə ölkəmizdə ixtişaşlar törətmək istəyirlər. Qarşıdurma yaratmaq, qeyri-qanuni mitinq keçirmək niyyətindədirlər ki, buna polis müdaxiləsi olsun və görüntüləri CNN, BBC-də göstərsinlər. Günün istənilən saatında ölkədə rahat şəkildə gəzmək, hərəkət etmək mümkündür. Atalar misalı var, qurd quzu ilə otlayır, indi bizdə o cürdür, Azərbaycanda sabitlik hökm sürür. Bunu gözü götürməyən qüvvələr var. Mitinqə cəhdin əsas səbəbi də budur.

-Azərbaycanda FETÖ-yə qarşı əməliyyat fonunda AXCP sədri Əli Kərimli belə bir bəyanat yaydı ki, onu həbs etmək istəyirlər. Onun narahatlığı nədən qaynaqlanır?

-Əli Kərimli status almaq üçün həbs olunmaq istəyir. Qanunun tələbləri var, qanunu pozmayan heç kəsi həbs etmək olmaz. Keçmişdə Leyla Yunusun rəhbərliyi altında həbs olunanların valideynlərindən pul alıb adlarını siyahıya salırdılar. Ki, onlar siyasi məhbusdur və azadlığa buraxılmalıdır. Bu və ya digər cinayət törətmiş gənclərlə bağlı belə addımlar atırdılar.

Əli Kərimli siyasi partiya rəhbəri deyil, çünki artıq təşkilatı yoxdur. Əli Kərimli köşə yazarıdır, özü də pis köşə yazarı. Mən köşə yazarlarını izləyirəm, yaxşıları var, maraqlı yazılar yazırlar. Bu adam isə “Azadlıq” qəzetində çap olunan yazılardan başqa ictimai statusa uyğun bir fəaliyyətlə məşğul olmur, ancaq köşə yazarlığı ilə məşğuldur. O, özünü şişirtməkdən ötrü belə məsələləri ortaya atır, bəyanat verir ki, gəlin, məni həbs edin. Cinayət törədəcəksənsə, əlbəttə, səni həbs edəcəklər. Qanununu pozacaqsansa, həbs olunacaqsan, baxmayacaqlar ki, hansısa dərnəyin rəhbərisən.

Hər kəs - sağçı, solçu, YAP-çı, yaxud digər partiyanın üzvü, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verir. Partiya üzvlüyünə görə kiməsə törətdiyi əməllə bağlı güzəşt edilmir. Qanunun aliliyi hamı üçün eynidir. Müəllim, jurnalist, siyasi partiya rəhbəri, fermer, yaxud həkim olsun, fərqi yoxdur, hamı qanuna tabedir.

-Yeri gəlmişkən, “Azadlıq” qəzeti çapını dayandırıb...

-Maliyyə məsələləri ilə bağlıdır. Qəzet çıxarmaq istəyirsən, pulun varsa, get çap elə. Bu gün Azərbaycanda qəzet nəşrindən asan iş yoxdur. Onun qeydiyyatdan keçməsi isə yüngül məsələdir. Kimin maliyyəsi varsa, qəzet satışından əldə etdiyi gəlirlərdən düzgün istifadə edirsə, qəzeti buraxır. Kim istifadə etmirsə, pulu mənimsəyirsə, qəzet çapını dayandırır.

-Moskvada Qarabağla bağlı məsləhətləşmələr oldu. Azərbaycan ordusunun aprel qələbələrindən sonra Ermənistan tərəfindən addımların atılacağı gözləilirdi. Problemin çözümünü indiki mərhələdə necə görürsünüz?

-Aprel döyüşləri bir daha sübut elədi ki, dondurulmuş münaqişə həll olunmuş münaqişə deyil. Hər vaxt onun donu açıla və belə hadisələr baş verə bilər. Aprel döyüşlərində Azərbaycan ordusu bir daha öz gücünü və qüdrətini göstərdi. Prezidentin bəyan etdiyi kimi Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malik dövlətdir. Küçələrdə insan izdihamı vardı, hər kəs ordumuza dəstək verirdi. Ermənilər elə zənn edirdi ki, münaqişə uzandıqca, Qarabağ azərbaycanlıların yaddaşından çıxacaq və sonradan adi qaydada onu həll etmək mümkün olacaq.

Bu döyüşlərsə sübut etdi ki, yeni nəsil məsələyə daha prinsipial yanaşır və torpaqlarımızın azad olunmasından ötrü ölümə getməyə hazırdır. Gec-tez problem həll edilməlidir. Cənab Prezidentin dediyi kimi, biz növbəti 25 ili gözləməyəcəyik. Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan aprel ayında göstərdiyi şücaəti bir daha göstərəcək.

-Müzakirə mövzularından biri də devalvasiyadır. İnsanlarda üçüncü devalvasiyanın olacağı narahatlığı var. Elə otağınıza yaxınlaşanda dəhlizdə kimsə dolların bu günkü məzənnəsini soruşurdu. Manatın taleyini nə gözləyir?

-Bu saat insanları maraqlandıran odur. Çünki aktual məsələdir. İnsanlara bunu izah etmək lazımdır. Dünyanın hər yerində dəyişikliklər olur. Türkiyədə vaxtilə 1 dollar 1,6 lirə idisə, indi 3 lirədir. Bu, təkcə Azərbaycanda baş verən proses deyil, bütün dünyada bu proses yaşanır. Təəssüf ki, bundan sui-istifadə edənlər var. Qara bazarı işə salıblar, dollar alveri gedir, vətəndaşları da bütün bunlar narahat edir. Kiminsə xəstəsi var, xaricə aparmalıdır, yaxud ezamiyyətə gedənə dollar lazımdır. O məsələlər tənzimlənməlidir və ciddi şəkildə nəzarət olunmalıdır ki, kimlərsə xalqın cibinə girməsin.

-Bazara-dükana gedirsinizmi? Qiymət fərqi hiss edirsiniz?

-Gedirəm. Qiymət fərqi var, yenə deyirəm hər yerdə belədir. Bu yaxınlarda işlə əlaqədar Türkiyəyə getmişdim, orada da xeyli fərqi hiss elədim. Qiymət fərqini də aradan götürmək üçün addımlar atılmalıdır.

Nərgiz Ehlamqızı


Müəllif: