Sentyabrın 13-dən 18-dək Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII sammiti keçirilib. Sonda sammitin yekun sənəd qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlət və hökumət başçılarının XVIII sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir.
Qoşulmama Hərəkatının XVII sammitinin yekun sənədində dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.
Bundan başqa dövlət və hökumət başçıları Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışlayıblar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olunub və təsbit üçün Qoşulmama Hərəkatı sammitinə təqdim edilib.
Bundan əlavə dövlət və hökumət başçıları BMT Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışlayıblar.
“Qoşulmama Hərəkatının üzvləri dünya siyasətinin əsas oyunçularıdır”
Sammitin yekun sənədində Azərbaycanla bağlı əksini tapan müddəaları Teleqraf.com-a şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Qoşulmama Hərəkatının üzvləri demək olar ki, dünya siyasətinin əsas oyunçularıdır. O öz fikirlərini bununla əsaslandırıb ki, bu hərəkatın sıralarında onlarla dövlət cəmləşib və XVII sammitdə də bir sıra qərarlar qəbul ediblər: “O cümlədən sammitin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Düşünürəm ki, bu, Ermənistana və onun rəhbərliyinə bir təpkidir, bir şillədir. Faktiki olaraq bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü nəinki tanıyıb, əksinə Ermənistana deyir ki, işğal olunmuş torpaqları azad etmək lazımdır, bunun vaxtı çoxdan çatıb”.
F.Sadıqov qeyd edib ki, bundan əlavə Venesualada keçirilmiş sammit Azərbaycan üçün digər bir cəhətlə də əlamətdar olub: “Venesuela sammitində növbəti sammitin Azərbaycanda keçirilməsinə dair qərar qəbul olundu. Bu, Qoşulmama Hərəkatı tərəfindən Azərbaycana göstərilən etimad, Azərbaycanın maraqlarına hörmətlə yanaşmadır. Bu özü-özlüyündə əlbəttə, bizim maraqlarımıza uyğun bir addımdır”.
“Minsk Qrupu bunu başa düşərək aktivlik nümayiş etdirməlidir”
Bəs, Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunması bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə necə təsir edəcək? Minsk Qrupu Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının qərarını nəzərə almalı deyilmi? Bu sualımızı da cavablandıran F.Sadıqov belə bir nəhəng təşkilatın yekun sənədinin, onun mövqeyinin, ictimai rəyə təsiredici bir addım olduğunu vurğulayıb: “Mənə elə gəlilr ki, Minsk Qrupu da bunu eşidərək, başa düşərək hər halda müəyyən aktivləşmə nümayiş etdirməlidir. Çünki başa düşməlidir ki, bir tərəfdən Azərbaycanın iradəsi və torpaqları azad etmə istəyi göz qabağındadır. Digər tərəfdən dünyanın bir çox ölkələri bunu dəstəkləyir və faktiki olaraq Ermənistana birbaşa işarə edirlər ki, torpaqlar azad olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü danılmaz bir faktdır. Reallıq bundan ibarətdir”.
“Bu etimad Azərbaycanın yürütdüyü siyasətin nəticəsidir”
Onu da qeyd edək ki, Azərbaycan 2019-cu ildə ölkəmizdə keçiriləcək XVIII sammitdə təşkilata sədrlik etməyi Venesueladan təhvil alacaq və 2022-ci ilədək təşkilata sədrlik edəcək. Beləliklə, Azərbaycan 2011-ci ildə qoşulduğu BMT-dən sonra ən böyük beynəlxalq təsisata cəmi 5 ildən sonra rəhbərlik etmək imkanı əldə edib. F.Sadıqov qeyd edib ki, bu, Azərbaycanın maraqlarına hörmət, ərazi bütövlüyünün tanınması və ölkəmizə daha bir dəstəkdir: “Bu etimad Azərbaycanın yürütdüyü xarici və daxili siyasətin prioritetlərinin qəbul edilməsinin, ona hörmətin daha bir əlamətidir. Eyni zamanda bu, birmənalı olaraq Azərbaycanın bu regionda aparıcı oyunçu kimi tanınması deməkdir. Çünki bu, təşkilatın yekdil mövqeyidir və şübhə doğurmayan bir amildir”.
“Münaqişələrin həlli məsələsinə daha çox diqqət ayıra bilərik”
Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII sammitinə ev sahibliyi etməsinin ölkəmiz üçün qazandıracağı dividentlər barədə fikirlərini bölüşən politoloq təşkilatın müzakirəsinə hər zaman ən aktual məsələlərin çıxarıldığını vurğulayıb: “Münaqişələr, digər silahlı qarşıdurmalar, müxtəlif regionlarda baş verən toqquşmalar, dövlətlərin ərazi bütövlüklərinin pozulması halları və sair. Odur ki, biz Qoşulmama Hərəkatının timsalında təşkilata üzv 120 ölkədən özümüzə dəstək, maraqlarımızı daha etibarlı müdafiə imkanı qazanmışıq. Eyni zamanda biz də dünyada baş verən silahlı münaqişələr zamanı öz obyektiv mövqeyimizi ifadə edə bilirik. Bu da öz-özlüyündə Azərbaycanın mövqeyi dünyada tanınan, hörmət edilən bir fikir kimi qəbul olunur. Ona görə Azərbaycanın sədrlik edəcəyi illərdə də silahlı münaqişələrin aradan qaldırılması məsələsi təşkilatın fəaliyyətində başlıca yeri tutacaq. Çünki dünyada münaqişələrin sayı kifayət qədər çoxdur. Demək olar ki, bütün regionlarda silahlı münaqişələr baş verir. Biz bunu nəzərə alaraq silahlı münaqişələrin həlli məsələsini daha çox gündəmə gətirə və ciddi müzakirələrdən sonra konkret, aidiyyəti qərarlar qəbul edə bilərik”.
“Vaxtilə bu təşkilata üzvlüyümüzü şübhə altına almaq düzgün deyildi”
Onu da bildirək ki, Azərbaycan 2011-ci il mayın 25-dən 27-dək Qoşulmama Hərəkatının İndoneziyada keçirilən 16-cı konfransında bu quruma tamhüquqlu üzvü oldu. Həmin vaxtadək isə hərəkatda müşahidəçi qismində iştirak edən ölkəmizin bu addımı bəzi siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Hətta, rəsmi Bakının bu addımını tənqid edənlər də tapıldı. Ancaq zaman bu düşüncədə olanların yanlış olduğunu ortaya qoydu. Elə hərəkatın son sammiti Azərbaycan üçün bir sıra cəhətlərinə görə yaddaqalan oldu. F.Sadıqov da bu tənqidləri yaxşı xatırladığını vurğulayıb: “Söhbət dünyanın üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilatından gedir. Onlarla ölkəni öz sıralarında birləşdirən, ciddi, aktual məsələləri müzakirə edən belə nəhəng bir təşkilatı diqqətə almamaq mümkün deyil. Bu hərəkatın münaqişələrin, problemlərin həllində vasitəçiliyi göz önündədir. Onun müsbət tərəfləri də az deyil. Mənim yaxşı yadımdadır, İran-İraq müharibəsi zamanı bu hərəkatın rolu çox böyük oldu. Bu münaqişənin yatırılması, sülhün əldə olunması istiqamətində o vaxt sədrliyi həyata keçirən Kuba Respublikası böyük səylər göstərdi. Kubanın səyləri nəticəsində keçirilən iclasda belə bir qərar qəbul olundu ki, Qoşulmama Hərəkatının nümayəndələri İraq və İranı bir araya gətirmək üçün müharibə bölgəsinə getməli, orada işlər görməli və sülh əldə olunmalıdır. Həmin nümayəndə heyəti faktiki olaraq buna nail oldu. Yəni, Qoşulmama Hərəkatının səylərini, fəaliyyətini inkar etmək mümkün deyil. Bu, danılmaz bir faktdır və vaxtilə bu təşkilatda üzvlüyümüzü şübhə altına almaq düzgün deyildi”.
Səxavət HƏMİD