21 Sentyabr 2016 22:19
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun sentyabrın 11-də və 17-də keçirilən mitinqlərində radikal dini-ekstremistlərin və bu cür fəaliyyətlərə görə həbs olunmuş şəxslərin yaxınlarının iştirak etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Milli Şuranın mitinqlərində dini şüarların səsləndirilməsi, o cümlədən “Allahu-Əkbər” sədasının eşidilməsi artıq adi hal alıb. Qurumun hər iki mitinqində dövlətçilik əleyhinə aşkar çıxışlar edilib. Bu isə Milli Şuranın, o cümlədən bu təşkilatın əsas aparıcı qüvvəsi olan AXCP-nin təməl prinsiplərinə ziddir. Özünü demokratik təşkilat sayan, Avroatlantik strukturlara inteqrasiyanı başlıca hədəf seçdiyini bəyan edən Milli Şura və AXCP-nin bu mövqeyi onların əslində iç üzlərini açmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bəlli olur ki, Milli Şura və AXCP əslində makiavellizm prinsipi ilə fəaliyyət göstərən, öz maraqlarının təmin olunması üçün hər şeyə getməyə hazır mariginal qrupların cəmidir.

Milli QHT Forumunun sədri, referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rauf Zeyni Teleqraf.com-a bildirib ki, Azərbaycan Respublikası demokratik dövlətdir və burda iqtidar öz funksiyalarının həyata keçirilməsi ilə məşğul olur, müxalifət isə azadlıqlardan istifadə edərək məsələlərə münasibət bildirir: “Məsələ nədədir? Bilirsiz, sivil müxalifət olmaq imkanları olduğu halda müəyyən mənada insanların yanlış məlumatla aldadılması, gözünə kül üfürülməsi, bu hisslərlə referenduma çıxarılan məsələlərə qərəzli münasibətin bildirilməsi, referendumla bağlı heç bir təklifin olmaması, təklif olmadığı halda qarayaxma kampaniyasının aparılması, irəli sürülən dəyişikliklərin hamısının sivil qaydada izah olunması əvəzinə onların hamısına qara yaxılması və sair hallar müxalifətin qərəzli mövqeyindən xəbər verir. Müxalifət yenə də öz ampluasındadır. Heç bir yenilik, irəliləyiş və dəyişiklik yoxdur. Bizim şüarımız belədir; kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət. Təbii ki, güclü, demokratik dövlətdə müxalifət də, vətəndaş cəmiyyəti də olmalıdır və hər kəs öz funksiyasından irəli gələrək məsələlərə münasibət bildirməlidir. Amma indiki halda sosial şəbəkələrdə aparılan kampaniyalar yalnız və yalnız Azərbaycanda həyata keçirilən mütərəqqi islahatları aşağılamaq, qara yaxmaq və bununla da elektoratı müəyyən mənada öz əlində saxlamaq məqsədi güdür. Mən düşünürəm ki, bu məqsədlərdənsə daha başqa formatda yeni konsepsiyalar, yeni proqramlar, yeni təkliflər səviyyəsində fəaliyyət göstərmək daha yaxşı ola bilərdi. Ona görə də mən düşünürəm ki, bu gün vətəndaş cəmiyyəti bu istiqamətdə daha fəaldır, daha mütərəqqi və səmərəli fəaliyyət göstərir. Bu gün ictimaiyyətimiz, yerlərdə görüşdüyümüz insanlar vətəndaş cəmiyyətinin fəaliyyətini daha yüksək qiymətlənləndirir, nəinki müxalifətin fəaliyyətini”.

Mitinqdə səslənən fikirlərə, xüsusən dövlətçilik əleyhinə çıxışlara münasibət bildirən R.Zeyni qeyd edib ki, bu gün milli dövlətçililikdən məhrum, dövlət qurmaq qismət olmayan minlərlə xalq var: “Amma bu bizim tarixi nailiyyətimizdir ki, dövlətimizi qurmuşuq. Bu gün istənilən vətəndaş dövlətini sevməlidir. Biz Türkiyədə də iqtidar-müxalifət münasibətlərinə baxırıq. Görürsünüz, dövlətçilik məsələsi gələndə, dövlətin və xalqın milli maraqları ortaya gələndə iqtidarla müxalifət necə birləşir. Getsinlər Türkiyədəki 7 avqust mitinqinə baxsınlar. Görsünlər o mitinqdə CHP və MHP-nin liderləri necə çıxış edirlər və ümummilli maraqları necə müdafiə edirlər. Bu baxımdan elə məsələlər var ki, orda müxalif düşüncələrdən çıxış etmək və dövlətə, dövlətçiliyə qarşı hər hansı fikir söyləmək qətiyyən yolverilməzdir. Ona görə mən düşünürəm ki, nəhayət cəmiyyət bu məsələlərə öz qiymətini verəcək”.

R.Zeyni qeyd bildirib ki, sivil cəmiyyət Milli Şuranın və Müsavat Partiyasının keçirdiyi mitinqlərdə və apardığı proseslərdə bəzi radikal dini qruplaşmaların iştirak etməsini çox böyük hiddətlə qarşılayır: “Biz bu gün cəmiyyətdə bu hallara yol verə bilmərik. İstər iqtidar, istər müxalifət, istərsə də vətəndaş cəmiyyəti olaraq biz hamımız bir yerdə dövlətin inkişafı üçün vaxtımızı, bilik və bacarığımızı sərf etməliyik. Müxalifətin radikal qanadının radikal-ekstremist dini qrupları öz sıralarına buraxması, onların potensialından istifadə etməsi qətiyyən yolverilməzdir. Bu həm cəmiyyətin gedişatı, inkişafı ilə ziddiyyət təşkil edir, həm də qanunlara hörmətsizlikdir. Bu baxımdan mən düşünürəm ki, ictimaiyyətimiz və vətəndaş cəmiyyətimiz öz sözünü deməlidir. Biz bu məsələyə qəti etirazımızı bildiririk”.

Müsahibimiz Avropa cəmiyyətinə inteqrasiyadan dəm vuran qurumların radikal dini-ekstremist qüvvələrə “stavka” etmələrinə də münasibət bildirib. O qeyd edib ki, sözdə demokratik prinsipləri, demokratik dəyərləri qiymətləndirən, guya bunlara dəyər verən insanlar, yəni müxalifət nümayəndələri həm də öz nizamnamələrinə, əsasnamələrinə baxmalıdırlar: “Eyni zamanda öz prinsiplərinə bir də diqqət yetirməlidirlər. Təbii ki, onlar bu məsələlərdə son dərəcədə ciddi dəyişiklik, islahat aparmalıdırlar. Yəni, bütün cəmiyyət dini radikal qruplaşmaları inkar edir, onlarla mübarizə aparır, amma bunlar həmin o insanları öz cərgələrinə buraxıb həmin insanların imkanlarından, potensialından istifadə edirlər. Bu da qətiyyən yolverilməzdir” .

Səxavət HƏMİD


Müəllif: