“Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib. Bu, sifarişli “ekespert rəyi” idi. Bir qayda olaraq, Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslər, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası Azərbaycan tərəfinə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik".
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: “Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından yuxarıda durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini, həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək. Azərbaycana sifarişlə yanaşan “beynəlxalq hüquq müdafiə təşkilatları” və bəzi “QHT”lərlə Azərbaycan dövləti yalnız xalqın maraqları naminə və xalqın iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Azərbaycan xalqı referenduma “hə” deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, “yox” deyəcəksə, deməli bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”.
Nərgiz Ehlamqızı