19 Oktyabr 2016 09:38
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrilib".

Teleqraf.com-un məlumatına görə, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu “The Huffington Post” nəşrində “Azərbaycan: Müstəqilliyin 25-ci ildönümündə” (Azerbaijan: a Quarter of a Century of Independence) adlı məqaləsində qeyd edilib. Məqalədə əsasən Azərbaycanın 25 illik müstəqilliyi dövrü ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edilir. Müəllif ölkəmizin 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətinliklərə baxmayaraq, hazırda Qafqaz-Xəzər regionunun əhəmiyyətli regional oyunçusuna çevrildiyini vurğulayır. Azərbaycanın bu uğurları unikal tarix, o cümlədən 1918-ci ildə ilk müsəlman aləmində demokratik respublikanın yaradılması, habelə mərhum ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə izah edilir.

Həmçinin qeyd edilir ki, Azərbaycan rəhbərliyi ölkənin inklyuziv, tolerant və dünyəvi dövlətin qurulmasına sadiqliyini gücləndirmiş və praqmatik xarici siyasət həyata keçirmişdir. Bu kontekstdə, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq, Gürcüstan və Türkiyə ilə isə inteqrə edilmiş tərəfdaşlıq qurduğu və uğurlu şəkildə beynəlxalq enerji layihələri həyata keçirdiyi qeyd edilir.

Həmçinin məqalədə ölkəmizin gələcəyə yönəlmiş siyasətindən də bəhs edilir. Bu xüsusda infrastruktur layihələrinin həyata keçirildiyi, ölkəmizin coğrafi mövqeyinin üstünlüyə və Azərbaycan Prezidentinə xitabən ölkəmizin Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrildiyi qeyd edilir. Habelə, məqalədə ölkəmizin mədəni irsinə toxunularaq dinlərarası harmoniya, orta əsrlərdən bəri qadın şairələrdən başlayaraq və bu gün Birinci Xanım Mehriban Əliyevanın timsalında cəmiyyətdə qadınların ənənəvi və güclü rolu vurğulanır.

Məqalədə həmçinin, Ermənistan təcavüzü nəticəsində bir milyonadək Azərbaycanlı əhalinin öz doğma yurdlarından didərgin düşdüyü də xatırladılır. Beynəlxalq hüququn əsasında bu münaqişənin həllinin Azərbaycan üçün əsas məsələnin həllinə və Ermənistanın həqiqi müstəqil dövlət olmasına səbəb olacağı vurğulanır. Yekunda Azərbaycan xalqının öz tarixi ilə qurur duyduğu, müstəqilliyini qoruyub saxlayacağı və gələcəyə inamla baxdığı vurğulanır.


Müəllif:

Oxşar xəbərlər