19 Oktyabr 2016 20:22
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin bugünlərdə keçirilən “Rusiya çağırır” Forumunun plenar iclasında Qərbin onun ölkəsinə tətbiq etdiyi sanksiyalar barədə danışıb.

V.Putin bildirib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir və bu ilk növbədə özünü texnologiyalara çıxışın məhdudlaşdırılmasında göstərir. “Biz tez-tez təkrar edirik ki, sanksiyalar bizə heç də təsir etmir. Ancaq təsir edir. Hər şeydən öncə mən texnologiyaların ötürülməsinin məhdudlaşdırılmasında təhlükə görürəm. Onu da deyim ki, bu, təkcə Rusiya iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına ziyan vurur. Çünki Rusiya iqtisadiyyatı ümumdünya iqtisadiyyatı üçün vacib sektordur. Ona görə də, bunu kim edirsə, yekunda özünə də ziyan vurur. Lakin hesab edirəm ki, biz bununla bacaracağıq”, – deyə Rusiya dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ dövlət katibi Con Kerri və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ və Böyük Britaniyanın Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə biləcəyini açıqlayıblar. C.Kerri qeyd edib ki, ABŞ əlavə sanksiyaların tətbiqini müzakirə edir, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir.

Almaniyanın federal kansleri Angela Merkel də Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir. Bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Sonntagszeitung” nəşri məlumat yayıb.

Ancaq oktyabrın 20-21-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində Aİ-RF münasibətlərinin hərtərəfli müzakirə ediləcəyinə baxmayaraq, Rusiyaya dair heç bir qərar qəbul olunmayacağı məlum olub. “Bir şey tam bəllidir – heç bir qərar gözlənilmir. Bizə səmimi, dürüst diskussiya gərəkdir”, – deyə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a açıqlamasında sanksiyaların Rusiya iqtisadiyyatına təsir etdiyini bildiirb. O qeyd edib ki, əvvəla sanksiyalar elm tutumlu yüksək texnologiyalara, yüksək elm tutumlu sənayenin məhsulu olan cihazlara, dəzgahlara aiddir. Z.Əlizadənin sözlərinə görə, Rusiya özünün hərbi sənayesi, ümumiyyətlə sənayesi üçün tələb olunan bir çox mürəkkəb, bahalı dəzgahları, cihazları ala bilmir: “Sanksiyaların yaratdığı ikinci əsas problem də odur ki, Rusiya şirkətlərinin ucuz beynəlxalq kreditlərə ələrini kəsiblər. Yəni, Rusiya daxilində kreditlər 13-14 faizlə verilir, Qərb bazarında isə 3-4, maksimum 5 faizdir. Bir var, bankdan 5 faizlə kredit götürüb işləyəsən, sonra həmin 5 faizi ödəyib özün nə isə qazanasan, bir də var 15 faizlə götürəsən. O zaman sənə qazanmağa heç nə qalmır. Ona görə də dövlət müəssisələrini qorumaq üçün özlərinin ehtiyat fondundan pul götürməyə məcburdurlar. O da azala-azala gedir. Qızıl-maliyyə ehtiyatı yavaş-yavaş tükənir. Bəziləri 2017-də, bəziləri 2018-də tükənəcəyini deyir. Qərb də tələsmir. Gözləyir ki, Rusiyaya cəsarət verən külli miqdarda pul tükənsin. Rusiya rəhbərliyi dövlət mülkiyyətini satmağa çıxarıb. Amma digər tərəfdən bir dövlət müəssisəsi digər dövlət müəssisəsinin səhmlərini alır. Yəni, bir cibdən alıb, digər cibə qoyurlar. Beləliklə, yeni pul gəlmir. Yəni, sanksiyaların Rusiya istisadiyyatına təsiri seziləndir. Rusiya əhalisinin gəlirləri orta hesabla son iki ildə 40 faiz aşağı düşüb. 40 faiz düşmək çox hiss edilən bir səviyyədir və bu da davam edəcək. İşsizliyin səviyyəsi yüksəlir, işsizlərin sayı artır. Kasıblıq çoxalır. Bəzi rus iqtisadçılar deyirlər ki, Rusiya əhalisinin 70-80 faizi kasıblıq həddindən aşağıda yaşayır. Xüsusilə, Moskva, Sankt-Peterburq və Yekaterinburqdan kənardakı bütün bölgələr depressiv zonadır. Vəziyyətləri yaxşı deyil. Hələlik özlərini çox ötkəm aparırlar. Amma vaxt gələcək, gedib xarici borc istəməyə məcbur olacaqlar. Onda da borc verməyəcəklər. Deyəcəklər, siyasətini dəyiş. Dəyişəcək, dəyişməyəcək, bunu Allah bilir. Əgər hakimiyyətin Rusiya xalqına yazığı gəlmirsə, siyasəti dəyişməyəcəklər”.

Yeni sanksiyaların tətbiq olunub-olunmayacağına gəldikdə isə Z.Əlizadə bunu “boş söhbət” adlandırıb. Onun sözlərinə görə, bundan yuxarı sanksiya Rusiyanın ümumdünya banklararası maliyyə kanalı – SWIFT sistemindən çıxarılması ola bilər. Politoloq bildirib ki, bunu etmək Qərbin özünə sərf etməz: “SWIFT sistemi işləyir, Rusiyanın pulları Qərbə axıb gedir. Qərbdə deyirlər ki, qoy hələ bu sistem işləsin, Rusiyanın pulu qurtaranda bu sistemi kəsərik. Amma hələlik qoy işləsin. Yeni sanksiyalar nə ola bilər? Adətən yüksək rütbəli məmurlara Avropaya, Amerikaya girişi qadağan edir. Özləri gedə bilmir, ailə üzlərini, qohum-tanışlarını, hansısa iş adamını göndərirlər, onların orda böyük mülkləri, əmlakı var. Onu idarə etmək lazımdır”.

Z.Əlizadə qeyd edib ki, Qərblə Rusiya arasında əsas münaqişə mənbəyi Ukrayna və Suriya məsələsidir. O qeyd edib ki, Moskva Suriyanı dağıdan Qərbin sonra Türkiyəyə, Türkiyədən İrana, İrandan da Rusiyaya keçəcəyini çox gözəl anlayır: “Türkiyə və İranı dağıdandan sonra növbəti hədəf Rusiyadır. Onlar bunu anladıqlarına görə özləri üçün qırmızı xətt kimi Suriyanı götürüblər. Yəni, fikirləşirlər ki, birbaşa Qərbin təsiri altına düşməmək üçün Suriyanı qorumalıdırlar. Qərb ona itaət etməyən dövlətləri dağıda-dağıda gedir. İraqı, Tunisi, Liviyanı, Yəməni, indi də Suriyanı dağıdır. Əsas şey itaətdir. İtaət etməsən sən diktator, şeytanın yerdəki nümayəndəsi olursan. Bütün media, hətta, bəzən bədii əsərlər səni xortdan kimi təqdim edirlər. Belə olduqda göyə də çıxsan, yerə də düşsən səni əvvəl-axır devirirlər. Necə ki, Sudanı parçaladılar. Növbədə başqa yad ölkələr də var. Hətta, ola bilsin ki, Səudiyyə Ərəbistanını da dağıtsınlar. Bu sahə üzrə çox gözəl, məharətlə işləyən qurumlar, strukturlar var. Rusiya da təbii ki, müstəsna zəngin bir sahədir. Mendeleyev cədvəlinin əsas xammalı Rusiya ərazisində yerləşir. Bəzi mineralların 70, bəzilərinin 80, bəzilərinin isə 40 faizi Rusiya ərazisində yerləşir. Bu, nəhəng ehtiyatlardır. Ona görə də Qərbdə hesab edirlər ki, rus xalqına, yəni başqasına bu qədər ərazinin qismət olması böyük ədalətsizlikdir. Özlərinin olsa idi özləri qəşəng yeyib, həzm-rabedən keçirib, qazanardılar. Dünyanı transmilli şirkətlər idarə edir. Onlar da istənilən ölkəyə qazanc mənbəyi kimi baxırlar. Başqa şey yoxdur. Demokratiya, insan haqları nəzəriyyədir. Göyərti, soğan kimi kababın üstünə çəkirlər ki, yeyə bilsinlər”.

Bəs, Krımın və Donbasın bir hissəsinin əldə edilməsi müqabilində bu qədər sanksiyalarla üzləşməyə dəyərdimi? Z.Əlizadə bu suala cavab olaraq deyib: “Siz məsələni başqa cür qoyun da. Deməyin ki, o topraqlara görə bu sanksiyalarla üzləşməyə dəyərdimi. Deyin ki, bu sanksiyalara görə Ukrayna kimi ölkəni dağıtmağa dəyərdimi? Rusiyaya qarşı bu sanksiyaları tətbiq etmək üçün Ukrayna boyda dövləti darmadağın edib, böyrü üstə qoymağa dəyməzdi axı...”

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər