Mosulda etnik gərginliyi artırmağa yönələn addımlar bütün bölgəni xaosa sürükləyə bilər. Bunun kimin xeyrinə olacağına xüsusilə diqqət yetirmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral AzərTac-a müsahibəsində bildirib.
Beynəlxalq ictimaiyyətin ondan gözlənilən addımları vaxtında atmaması səbəbindən bölgəmizdə, xüsusən ağır yükünü Türkiyənin çəkdiyi ciddi humanitar böhrana gətirib çıxaran geosiyasi proseslər yaşanmaqdadır. Bu proseslər başda Türkiyənin təhlükəsizliyi olmaqla, bütün regionu təhdid edir. Türkiyə qonşularının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb. Ancaq qonşularımızın torpaqlarından Türkiyəni hədəfə alan təhdidlərin qarşısını kəsmək bizim beynəlxalq hüquqa əsaslanan təbii haqqımızdır. Bu gün Suriyada İŞİD ilə mübarizədə Türkiyə mühüm addımlar atır. Türk Silahlı Qüvvələrinin Azad Suriya Ordusuna verdiyi dəstək sayəsində bir çox ərazilər terrorçulardan geri alınıb.
Həmin bölgənin yerli əhalisi olan suriyalı qardaşlarımız azad edilən və təhlükəsizliyin təmin olunduğu ərazilərə geri qayıdırlar. İŞİD terror təşkilatı ilə mübarizədə PKK, PYD kimi digər terror təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi Türkiyə tərəfindən müsbət qarşılana bilməz. Terrorçunun yaxşısı-pisi olmaz və terrorla beynəlxalq mübarizənin uğur qazanması üçün bu cür ikili standartlara yol verilməməlidir. Bu, Türkiyənin haqlı gözləntisidir. İraqda İŞİD ilə mübarizədə biz üzərimizə düşəni edəcəyik. Hörmətli Prezidentimizin dediyi kimi, həm masada, həm də meydanda yer alaraq İraqın sabitliyi və əmin-amanlığı üçün səy göstərəcəyik. Bu, Türkiyənin beynəlxalq müqavilələrdə təsbit edilən hüququ və tarixi məsuliyyətidir. Mosulda etnik gərginliyi artırmağa yönələn addımlar bütün bölgəni xaosa sürükləyə bilər. Bunun kimin xeyrinə olacağına xüsusilə diqqət yetirmək lazımdır.
Digər tərəfdən, bölgədə sülh və sabitliyə təhlükə yaradan digər problem isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli həlli üçün atılan addımları dəstəkləməkdə və Azərbaycanın yanında yer almaqdadır”, - Bakıya təyin edilmiş yeni səfir qeyd edib.