31 Oktyabr 2016 16:39
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Moldovada ilk dəfə birbaşa prezident seçkisi keçirilib. Seçkidə 3 milyon 131 milyon seçici iştirak edib. Seçkiləri 3202 yerli və 562 beynəlxalq müşahidəçi izləyib. Səsverməni izləyənlər arasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev də olub. S.Hacıyev MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkidə müşahidə aparıb. Hazırda Moldovada olan S.Hacıyev Teleqraf.com-un suallarını cavablandırıb.

– Sabir bəy, seçkilər necə keçdi?
– Yəqin ki, seçkinin ikinci turu keçiriləcək. Ölkənin seçki qanunvericiliyinə görə, hər hansı namizəd seçicilərin ən azı 50+1 faizinin səsini toplamalıdır. İlkin məlumatlara görə, ən çox səs toplayan namizəd 50 faizlik baryeri aşa bilməyib. Ona görə də yəqin ki, ikinci tur olacaq. Ümumilikdə götürdükdə səsvermə günü sakit keçdi. Mən Qaqauz Muxtar Yerində və paytaxt Kişineuda oldum. Eyni zamanda Qaqauz Muxtar Yeri istiqamətində Çemişli qəsəbəsində və digər seçki məntəqələrində müşahidələr apardım. Şəxsən mənim müşahidə apardığım seçki məntəqələrində sakitlik müşahidə olunurdu. Normal səsvermə keçirildi. Qanunlara riayət olunurdu. Ölkənin seçki qanunvericiliyinə uyğun olaraq biz bütün namizədləri təmsil edən müşahidəçiləri sorğu-sual edirdik. Bizə narazılıq və etiraz bildirən müşahidəçi olmadı. Biz bir məntəqənin açılışında iştirak etdik, gün ərzində müşahidələr apardıq, bir məntəqənin bağlanışında da iştirak etdik. Gün ərzində müşahidə apardığımız məntəqələrdə yerli müşahidəçilərlə söhbətdə onlardan “hər şey qaydasındadır” cavabını aldıq.

– Növbəti turda yarış hansı namizədlər arasında gedəcək?
– Əsas iki rəqib var. Bunlar “Hərəkət və Həmrəylik” Partiyasının lideri xanım Maya Sandu və Moldova Sosialist Partiyasının lideri İqor Dodondur. Yəqin ki, ikinci tur olacaq. İkinci turda vətəndaşlar ən çox səs toplamış bu iki namizəddən birinin xeyrinə seçim edəcəklər.

– Ən çox səs toplayan namizədlərdən biri Rusiya meyilli, digəri isə avrointeqrasiya tərəfdarıdır. Bu baxımdan Moldovada Rusiya ilə Avroatlantik məkanın rəqabət apardığını söyləmək mümkündürmü?
– Seçkinin nəticələri barədə nəsə demək hələ tezdir. Ona görə ki, seçkinin baş tutması üçün seçicilərin ən azı 1/3-i səsvermədə iştirak etməli idi. Bu qədər seçici səsverməyə gəldi, seçki baş tutdu. Lakin, nəticə əldə olunmadı. Yalnız ikinci turdan sonra hansısa fikir söyləyə bilərik. Yerli mətbuat yazır, öz fikrini söyləyir, proqnozlar verir. Amma hər halda hələlik kimin qalib gələcəyi bilinmir. İkinci turdan sonra bilinəcək. Hər halda ikinci turdan sonra bir çox məsələlərə dəqiq aydınlıq gətirmək mümkün olacaq.

– İkinci tur nə vaxt keçiriləcək?
– Moldova qanunvericiliyinə görə seçkinin ikinci turu iki həftə sonra keçirilməlidir.

– Seçkidə ümumilikdə 9 namizəd iştirak edirdi. Digər namizədlərin səsvermə prosesi ilə bağlı mövqeyi nədən ibarətdir?
– Namizədlərin hamısının müşahidəçiləri ilə söhbətləşmək imkanımız oldu. Şəxsən mənim müşahidə apardığım məntəqələrdə narazılığını bildirən müşahidəçilər olmadı.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər