4 Noyabr 2016 20:34
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

- Sabir bəy, Türkiyədə yaranan son durumu, HDP-nin rəhbərliyi daxil olmaqla 11 deputatın həbsini necə qiymətləndirirsiniz?
- Mən öncədən demişdim ki, qurunun oduna yaş da yana bilər. Fətullah Gülən Türkiyədə indiki iqtidara kifayət qədər yaxın adam olub. Vaxtı ilə onun şəbəkəsinin böyüməsi, qol-qanad açması məhz AKP-nin hakimiyyəti dövrünə təsadüf edib. Ancaq sonra onun şəbəkələşməsi və Türkiyənin dünyəvi dövlətçiliyinə, demokratik sistemə təhdid olduğu ortaya çıxdı və nə yaxşı ki, Güləni dayandırdılar. Beləcə şəbəkə dağıldı. Görünür, şəbəkə dərin kök atmışdı. Bu Türkiyədə dinc və təhlükəli terror idi.

İkinci terror PKK-dır. Vaxtılə Türkiyə hökuməti Abdulla Öcalan kimi cinayətkara qarşı yumuşaq davrandı, onu yazıçı-filosof kimi həbsdə yetişdirməklə başqalarına bir növ yaxşı olmayan örnək göstərdi. Yəni bu qədər insanın ölümündə əli olan şəxs İmralıda rahat yaşaya bilər, gündə yanına deputat gəlib-gedər, beynəlxalq aləm onu müdafiə edər. Üstəlik də, cinayətkar ola-ola türk hökuməti ilə üz-üzə otura bilərsən və s.

Şübhəsiz ki, bu amillər PKK-ya qol-qanad verib. PKK tək deyil. Türk dövlətinə qarşı olanlar, bu bölgədə xarici ölkələrin apardığı siyasətə xidmət edənlər burada toplaşıb. Bir çoxu kürd də deyil. Ermənilər, başqaları da gedib orada cəmləşib. Bunlar Türkiyəyə düşmən qüvvələrdir və onlara qarşı addımlar atılmalıdır. Türkiyə Böyük Millət Məclisində əyləşib türk dövlətinə meydan oxuyanlar, Türkiyəni heçə sayıb təhqiramiz sözlər işlədənlər, Avropanın qucağında əyləşib Türkiyəyə barmaq silkələyənlər günün birində cəzalarını almalı idi. Mən, Səlahəddin Dəmirtaşın həbsinə normal baxıram. Dəmirtaş gənc adamdır, kifayət qədər kürd xalqından dəstək aldı, partiya yaratdı, parlamentə daxil oldu, müxalifət kimi ona yollar açıldı. Amma bütün bunlardan sonra açıq-aşkar gündə bir xarici ölkəyə səfər edərək Türkiyə əleyhinə planlar qurmaq, türk dövlətini dağıtmaq haqda düşünmək, Ankarada bir, Diyarbəkirdə isə başqa cür danışmaq, hədələmək və hətta dövlətin başçısını təhqir etmək, şəhidləri görməzdən gəlmək Türkiyədə haqlı narazılıq yaradırdı. Əlbəttə, bunun cavabı siyasi yolla da verilə bilərdi və məncə verilməli idi. Təəssüf ki, bu kifayət qədər verilməyib. Hazırda həbs dalğası başlayıb. Ümid edirəm ki, bu son deyil. Siyasətçilərin, millət vəkillərinin həbsi Türkiyədə sadə iş deyil. Onlar saxlanılıb və yəqin ki, məsələ araşdırılacaq. Onların PKK-ya dəstək verməsi sübut ediləcəksə, ciddi qərarlar veriləcək. Əgər sübut olmayacaqsa bu adamlar azadlığa buraxılacaq.

- HDP-nin ciddi səs aldığı kürd xalqı bu həbslərə hansı reaksiya göstərə bilər, türk-kürd qarşıdurması güclənə bilərmi?
- Hansısa hallar ola bilər. Diyarbəkirdə bələdiyyə sədri həbs ediləndə müəyyən adamları ortaya atdılar və s. Amma birmənalı bilmək lazımdır ki, PKK bütövlükdə kürdlərin mövqeyini ifadə etmir və Türkiyədə yaşayan bütün kürdlər tərəfindən dəstəklənmir. Kürdlər türklərlə qardaş xalqdır, min illər çiyin-çiyinə yaşayıblar. Tarixən onların arasında ziddiyyət düşmənçiliyi olmayıb. İndiki ziddiyyətlər xaricdən ixrac edilib. Ötən əsrdə Türkiyədə erməni hərəkatı başladan xarici qüvvələr çalışıblar ki, kürd hərəkatı da başlatsınlar. Ancaq bunu edə bilməyiblər. Mənə elə gəlir ki, Türkiyə son zamanlar doğru addım ataraq kürdlərin ana dilində təhsil almasına, kürd dilində televiziya verilişlərinin yayınlanmasın şərait yaradır. Türkiyə vətəndaşı, bu torpaqlarda yaşayan, ölkənin qəmini və kədərini paylaşan xalq olaraq kürdlərə daima diqqətlə yanaşmaq lazımdır. Bunlar aradakı ziddiyyətləri həll etmək üçün vacib addımlardır. Xarici ölkələrin yaratdığı terror qurumları ayrıdır və onunla kürd xalqını eyniləşdirmək olmaz. Kürd xalqına sayğı, onların istəkləri nəzərə alınmalıdır. Amma bu ad altında islam dünyasına qarşı hazırlanan layihələrdə iştirak etmək istəyən terrorçu qurumlara həmişə sərt üz göstərilməlidir. Məncə, hazırda Türkiyə bu addımı atır. Bu gözlənilən addım idi. Əslində bu bir qədər də gecikib. Terror beşiyində boğulmalıdır. Terror dünyaya təhdiddir, amma təəssüflər olsun ki, dünya bunu dərk etmir. Elə ki, Fransada və ya ABŞ-da xırda terror hadisəsi olur, bu zaman bütün dünya ayağa qalxır, bütün xristian dünyası bu ölkələrə dəstək verir. Amma müsəlman bir-birini qıranda buna əhəmiyyət verən olmur. Eləcədə müsəlman ölkələrində terror olanda buna kifayət qədər aktiv mövqe bildirilmir. Məncə, terrorla kürd xalqını qarışdırmaq olmaz. Bütövlükdə kürd xalqının ağsaqqalları, nüfuzlu şəxslər Türkiyənin apardığı siyasəti dəstəkləyir.

- Son həbslərin Türkiyədə gözlənilən referendum, habelə İraq və Suriya hadisələri ilə əlaqəsi ola bilərimi?
- Yox. HDP-nin 12 nəfərinin referenduma təsir etmək imkanı yoxdur. Əslində HDP-nin aldığı səslərin bir hissəsi kürd xalqının səsi deyil. AKP-dən narazı olanların bir hissəsi səslərini HDP-yə vermişdi.

İkincisi, İraqın şimal hissəsində, Suriyada mürəkkəb proses gedir. Türkiyə qarşı olan geniş şəbəkə mövcuddur. Burada Fətullah Gülən, müxtəlif terror şəbəkələri, hətta İŞİD-in özü də var. Əvvəl qərb bir terror qurumu yaradır, sonra ona qarşı mübarizəyə başlayır. Bu bölgədə nə qədər dağıdıcı, bölücü, islam və türk mədəniyyətini məhv edərək millətləri qarşı-qarşı qoyan nə varsa hamısı qərb ölkələrinin yastığının altından çıxır. Nahar yerə “İngilis barmağı” ifadəsi yaranmayıb. ASALA-nı, PKK kim yaradıb, indi İŞİD-i kimin yaratdığı və dəstək verdiyi göz qabağındadır. Sonrada silahı həm terrorçuya, həm də ona qarşı dirəniş göstərən dövlətlərə satırlar. Dünyanın ikiüzlü siyasəti budur. Odur ki, hər bir ölkə özünü müdafiə etmək haqqına malikdir. Təbii ki, dövlət özünü qoruyanda səhv və yanlış addımlar da ola bilər. Bəzən itkilər və hətta demokratiyaya zidd addımlar da görünə bilər. Amma insanlar öldürülürsə, hər gün şəhid varsa, bu zaman hansı haqdan və demokratiyadan söhbət gedə bilər.

- Sizcə, Dəmirtaş başda olmaqla 11 deputatın saxlanılması HDP-ni gücləndirəcək, yoxsa zəiflədəcək?
-Mənim fikrimcə, zəiflədəcək.

- HDP rəhbərliyinin PKK ilə əlaqələrinin olduğunu düşünürsünüz?
- Bunu aparılacaq istintaq göstərəcək. Mən deyə bilmərəm ki, onların hamısı PKK ilə əlaqəlidir. Amma heç şübhəsiz ki, onların içərisində PKK ilə birbaşa əlaqəsi olanları var.

- Mosul ətrafında baş verənləri necə şərh edərdiz?
- Türkiyə ən böyük səhvi illər əvvəl etdi. ABŞ İraqa girəndə Türkiyəyə təklif etmişdi ki, bu prosesdə əsas iştirakçı olsun. Amma Türkiyə həmin vaxt İraqa girmədi. Baxmayaraq ki, girməli idi. Üstəlik Mosul və Kərkük o zaman mübahisəli idi və ingilislərin hiyləgər siyasəti nəticəsində Osmanlının zəif vaxtında mübahisəli olaraq saxlanılmışdı. Son nəticədə bu torpaqlar neftə qurban edildi və Türkiyənin əlindən alındı. Türkiyə bu bölgələrdə daha cəsarətli addımlar atmalı, daha sərt siyasət yeritməlidir. Amma təəssüf ki, bu gün vəziyyət bir qədər mürəkkəbləşib. Hazırda orada ərəblərin öz marağı, İranın şiə marağı naminə apardığı siyasət tədricən məzhəb savaşına çevrilir. Belə olan halda bəzən bir xalqın nümayəndələri üz-üzə dayanmalı olur. Təəssüf ki, Türkiyənin bəzi siyasətçiləri bu məsələdə yanlışlığa yol verdilər. Və türkmən xalqı təhlükəli vəziyyətdə qaldı. Türkmənlərin bir hissəsi Azərbaycan bayrağı altında vuruşur və özlərini müdafiə edirlər. Söhbət İraq türkmən cəbhəsindən gedir. Türkmənləri nə biz, nə də Türkiyə müdafiə edə bildi. Burada bəzən Türkiyənin atdığı addımlarda adamda şübhə doğurur. Çünki onlar bütövlükdə türkmən xalqını deyil, türkmənlərin sünni hissəsini müdafiə etmək haqqında düşünürlər. Şiə türkmənlər başqa qüvvələr tərəfindən müdafiə edilir, nəticədə məzhəb qarşıdurması yaranır və çox zaman məzhəb çatışması milli məsələləri üstələyir. Nəticədə xalqın taleyi sual altına düşür.

- Türkiyədə son həsblərdən sonra terror hadisələri güclənməsi realdırmı?
- Əgər terror aktları güclənsə, deməli söylənilənlər haqlıdır və həbs edilənlərlə PKK-nın birbaşa əlaqəsi var.

Bütövlükdə bölgənin başının üzərini qara buludlar alıb və burada sülh yaranan qədər hadisələr davam edəcək. Terrorun nə zaman çox, nə zaman az olduğu ilə məsələ həll edilməyəcək. Məncə, buna bir qədər də zaman lazımdır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər