21 Noyabr 2016 20:39
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-9-da Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçiriləcək. İclasda Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayerin dəvəti əsasında ATƏT-ə üzv 57 ölkənin XİN başçıları və ya onların müavinləri iştirak edəcəklər.

İclas zamanı – dekabrın 8-də Hamburqda ABŞ, Rusiya, Fransa xarici izlər nazirlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüşü keçiriləcək. Təklif Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro tərəfindən irəli sürülüb. Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 17-də Parisdə olarkən Azərbaycan tərəfinin bu görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib. Bəs, bu görüşdən nə gözləməyə dəyər?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Qabil Hüseynli deyib ki, o, bu görüşdən əməli nəticə gözləmir. Q.Hüseynli fikirlərini onunla əsaslandırıb ki, Amerika bu görüşdə fəallıq, Fransa loyallıq nümayiş etdirəcək: “Rusiyanın isə Ermənistanla mövqeyi üst-üstə düşür. Rusiya Ermənistanı müdafiə edəcək və beləliklə kompromisə gəlmək mümkün olmayacaq. Kompromisə mane olan əsas cəhət də Dağlıq Qarabağın statusu məsələsidir. Status məsələsində ermənilər Dağlıq Qarabağa tam müstəqillik, ya da bölgənin Ermənistana birləşdirilməsini istəyirlər. Ruslar da ermənilərin mövqeyini bölüşürlər. Amerika tərəfi çox zaman laübalı mövqe nümayiş etdirərək, ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsipinin calaq edilməsi kimi müddəa ortaya atır. Amma məncə son zamanlar onlar bu müddəadan geri çəkilmiş kimi görünürlər və ərazi bütövlüyü məsələsini daha çox qabardırlar. Amma bütün bunlara baxmayaraq beştərəfli görüşdən ciddi nəticə gözləmirəm. Əsas nəticəni ATƏT Xarici İşlər Nazirləri Şurasının verəcəyi qərardan gözləyirəm”.

Q.Hüseynli, həmçinin bildirib ki, Qərbin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarətdir: “NATO-nun təxminən 3 ay əvvəl Varşavada keçirilən sammitində postsovet məkanında münaqişələrin həllinə dair xüsusi qətnamə qəbul olundu və orda birmənalı olaraq qeyd edildi ki, postsovet məkanındakı münaqişələrin hamısını ərazi bütövlüyü prinsipi çərçivəsində həll etmək lazım gələcək və bu prinsip Helsinki Yekun Aktının əsas müddəasına – indi isə beynəlxalq hüququn əsas normasına çevrilmiş ərazi bütövlüyü prinsipinə uyğun gəlir. Belə görünür ki, sözdə dövlətlərin böyük əksəriyyəti, bəlkə də Ermənistanla Rusiya istisna olmaqla hamısı Azərbaycanın ərazi bütövlüyünü müdafiə edirlər”.

Müsahibimiz qeyd edib ki, həm münaqişənin yaranmasında, həm də onun dondurulmasında, indiki status-kvonun saxlanılmasında Rusiyanın rolu çox böyükdür: “Rusiya politoloqları da açıq şəkildə yazırlar ki, Ermənistan və Rusiya birgə ordu qruplaşmasının yaradılmasından sonra Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə dair Ermənistana deyil, Rusiyaya müraciət etməli olacaq. Çünki artıq bütün iplər Rusiyanın əlindədir. Postsovet məkanında bütün münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əsas maneə Rusiyadır. Bunu Qərb ölkələri də çox yaxşı başa düşür. Rusiya təkcə bu münaqişələrin həlli üçün problem deyil, həm də dünyada sülh və əmin-amanlığın, təhlükəsizliyin qorunması üçün ciddi problemə çevrilməkdədir. Bunu Qərb ölkələrinin hamısı, dünyanın da bir hissəsi çox yaxşı başa düşür. Suriyadakı hadisələr də bunu əyani surətdə təsdiqləyir. Belə olan halda mən güman edirəm ki, münaqişə zonasının anatomiyasını dəqiq bilən ATƏT Xarici İşlər Nazirləri Şurası Rusiyanın bu məsələdəki qeyri-ədalətli mövqeyini, Minsk qrupunda öz funksiyasını yerinə yetirməyən bir həmsədr kimi Rusiyanın hərəkətlərini qınayacaq, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü məsələsini daha qətiyyətli şəkildə dəstəkləyəcək. ATƏT Xarici İşlər Nazirləri Şurası obyektivlik naminə və beynəlxalq hüququn tələb etdiyinə görə məhz belə bir qərar çıxarmalıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər