“Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir”. Teleqraf.com-un məlumatına görə bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Onun sözlərinə görə, xüsusilə dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi rol oynayır: “Bu baxımdan, Prezident İlham Əliyevin martın 5-də İran İslam Respublikasına rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin İrana rəsmi səfəri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. İranın rəhbərliyi ilə qarşılıqlı anlaşma şəraitində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın inkişafı, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilib. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir”.
E.İbrahimov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da məmnunluq doğurur: “Həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından önəmlidir. Həmçinin, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək dövlət komissiyası fəal işləyir. Bütün bunlar iki dövlət arasında iqtisadi əlaqələrinin güclənməsindən xəbər verir. Bilirsiniz ki, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması prosesi həyata keçirilir. Eləcə də, iki ölkə arasında dəmir yolu nəqliyyatının birləşdirilməsi nəzərdə tutulur. Təbii ki, bu layihələrin reallaşması təkcə iki dövlətin deyil, bütövlükdə region ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayacaq. Dövlət başçısının İrana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İranın Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması da bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu və mövqeyini daha da gücləndirir”.
Səxavət