"Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb".
Bunu Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib.
Dövlət başçısı deyib ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur: "Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır".
Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır, Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".//APA