17 Aprel 2017 16:07
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ətrafında yaranan gərgin durum davam edir.

Teleqraf.com xəbər verir ki, ötən həftə ABŞ-ın Hərbi Dəniz Donanmasının “Karl Vilson” aviadaşıyıcısı Koreya yarımadasına göndərilib. Prezident Donald Tramp Çin rəhbəri ilə telefon danışığında ondan xahiş edib ki, Şimali Koreya liderinə ABŞ-ın atom su altı qayıqlarının artıq regionda olduğunu çatdırsın. Bununla belə Şimali Koreya dövləti ABŞ-ın bu addımlarına baxmayaraq, qitələrarası ballistik raket sınağı keçirib. Düzdür, aprelin 15-də baş tutan bu sınaq uğursuz alınıb. Ancaq ABŞ-ı narahat edən məqam daha çox Şimali Koreyanın nüvə başlığı daşıyacaq qitələrarası raketə malik olmasıdır. Bu üzdən ABŞ və müttəfiqləri Şimali Koreyaya diplomatik və hərbi təzyiqlərini davam etdirir. Artıq ABŞ-ın vitse-prezidenti Maykl Pens ABŞ-ın Cənubi Koreyadakı hərbi bazasına gəlib və buradan elan edib ki, Şimali Koreyanın hərəkətləri səbri tükəndirir. O deyib ki, ABŞ bu ölkənin nüvə proqramına qarşı müttəfiqləri ilə birgə mübarizə aparacaq.

Siyasi analitiklər isə hesab edir ki, Koreya yarımadasında ciddi hərbi qarşıdurma ola, Şimali Koreyanın nüvə proqramına ABŞ və müttəfiqləri ciddi zərbələr endirə bilərlər.

Son durumu şərh edən professor, siyasi şərhçi Rüstəm Məmmədov hesab edir ki, vəziyyət çox kirtikdir. Onun fikrincə, vəziyyəti bu duruma gətirən tərəf Şimali Koreya Respublikasıdır:

“Şimali Koreya dünya üçün bəlaya çevrilib. Özünü sərsəm və gic kimi aparır. Dünya ilə hesablaşmır, heç kəsə qulaq asmır. Bu da dünyanı idarə edən güclərdə müəyyən dərəcədə qorxu hissi yaradır. Şimali Koreya lideri “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edir. Dünya siyasətində belə liderlərin olması əslində böyük təhlükə mənbəyidir. Hesab edirəm ki, Şimali Koreya liderini acı bir tale gözləyir”, - Rüstəm Məmmədov bildirib.

Rüstəm Məmmədovun fikrincə, bu prosesin sonu Şimali Koreyanın bombardman olunması ilə başa çata bilər: “Mənim fikrimcə, başqa variant yoxdur. Əlbəttə, uğursuz raket təcrübəsi olub. Ancaq hesab edirəm ki, uğursuz təcrübə də bu prosesi dayandırmayacaq. Oranı bombarduman edib nüvə proqramını məhv etmək sonda çıxış yolu ola bilər. Bu adam dünyaya hədə qorxu gəlir. Dünya gözləyə bilərmi ki, onun özü nüvə silahından istifadə etsin?”

Hüquq professoru hesab edir ki, indiki halda durumdan yeganə çıxış yolu Şimali Koreyanın nüvə proqramının məhv edilməsidir: “Mən deyə bilmərəm ki, bunu edəcəklər. Qənaətimcə, ABŞ buna gedə bilər. Şimali Koreya lideri ipə-sapa yatmır, diplomatik danışıqlar masasına gəlmir. Koreya yarımadasına ABŞ-ın müdafiə naziri deyil, vitse-prezidenti gedib. Bunun özü göstərir ki, ABŞ danışıqlar üçün həmlə edir ki, proses sakitləşsin. Amma problem odur ki, Şimali Koreya sakitləşmir. Odur ki, çıxış yolu nüvə proqramının məhv edilməsidir. Bunun baş verib-verməyəcəyini deyə bilmərəm, bu, hərbi sirdir. Yəqin elə formada edilməlidir ki, mümkün qədər ziyanı az olsun”.

Bununla belə Rüstəmov Məmmədov qeyd edib ki, hazırda Şimali Koreya Respublikasına Çin və Rusiya müəyyən mənada dəstək verir: “Dəstəyin səbəbi Pxenyanın ABŞ-a qarşı durması və dirənişidir. Amma son dövrlər Çinin özü də Şimali Koreyadan müəyyən qədər ehtiyat edir. Rusiyanın da marağı ABŞ-la bağlıdır. Yəni Koreya ABŞ-a qarşı durduğu üçün ruslardan dəstək ala bilir. Rusiya dəstək versə də, ehtiyat da edir. Çünki Şimali Koreya Rusiya ilə yaxınlıqda yerləşən dövlətdir”.

Sonda Rüstəm Məmmədov qeyd edib ki, əslində Şimali Koreyanın nüvə texnologiyasının inkişafı bu ölkənin alimlərinin uğuru deyil, Rusiyanın vasitəsilə əldə edilən irəliləyişdir.

CAVAD


Müəllif:

Oxşar xəbərlər