23 İyul 2014 11:22

Elmar Məmmədyarov: “Qarşıdakı aylarda qüvvəyə minəcək iki saziş ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək, eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaq”

“Vilnüs sammiti ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşıya ciddi məqsədlər qoyub. İnanırıq ki, tərəfdaş dövlətlərin Avropa İttifaqı ilə əməkdaşlığında olan ikitərəfli çərçivə hər bir dövlətin fərdi maraqları əsasında Avropa İttifaqı ilə olan dialoqun inkişafı üçün əvəzsiz imkanlar yaradacaq. Şərq tərəfdaşlığının yaratdığı imkanlarından istifadə edən Azərbaycan, ölkəmizin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa İttifaqı ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirməkdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı üzv dövlətlərinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib ki, Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərən ölkə olaraq, Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib: “Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaq.

Avrointeqrasiya prosesimizdə daha bir önəmli hadisə, Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozonun iyun ayında Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə olan protokoldur. Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaq. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq”.

E.Məmmədyarov qeyd edib ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Avropa Şurasının üç əsas istiqaməti ilə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi arasında əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir:

“Bu fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi bütün Avropa Birliyi ölkələrini və Şərq Tərəfdaşlığı dövlətlərini bu əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunacaq bir sıra tədbirləri fəal şəkildə dəstəkləməyə və konstruktiv formada onlara töhfə verməyə çağırır. Hal-hazırda Avropanın üzləşdiyi təhdidlərin cavablandırılmasına gəlincə, bütün sədrlik müddətində Azərbaycan öz səylərini digər beynəlxalq təsisatlar, xüsusilə Avropa Birliyi ilə əlaqələndirməyə hazırdır. 2014-cü ilin mayında Azərbaycanın sədrliyi qəbul etdiyi Vyana nazirlər iclasında Avropa Şurasının üzv dövlətlərinin nazirləri Avropa Birliyi ilə əməkdaşlığa dair hesabatı nəzərdən keçirib və bu əməkdaşlığın inkişafına münasibətdə məmnunluqlarını ifadə ediblər. Sizi əmin etmək istərdim ki, bizim sədrliyimiz dövründə bütün təmas sahələri üzrə əməkdaşlığın inkişafına çalışacağıq.

Bu xüsusda, məlumat vermək istərdim ki, 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransı keçiriləcək. İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaq.

Avropa Birliyi-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyinin təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunmasıdır. Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir İrs gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barəsində məlumatlandırmanı daha da artıracaq”.

Səxavət


Müəllif:
Загрузка...