NATO-nun cəbhəyanı dövlətlərində təhlükəsizliyi Rusiyanın Ukraynadakı müharibəsi müəyyən edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşr bildirir ki, Baltikyanı Rusiya lideri Vladimir Putinin NATO-nun qətiyyətini sınayacağı ilk bölgə ola bilər:
“Son aylar Rusiyanın yaxın onillikdə NATO-ya mümkün hücumu ilə bağlı çoxlu xəbərdarlıqlar gətirdi. Maraqlısı odur ki, həyəcan təbili çalan təkcə Vilnüs, Riqa və Tallin deyil, həm də Stokholm, Berlin və Londondur. Bu paytaxtlar qarşıdakı 2-8 il ərzində üç Baltikyanı dövləti Putinin NATO-nun birliyini sınaya biləcəyi yer kimi görürlər”.
Bu ehtimalı ABŞ prezident seçkilərindən sonra Donald Trampın Ağ Evə qayıdışı perspektivi daha da gücləndirir. Latviya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Yanis Kazoçinsə görə, Rusiya Trampdan istifadə edərək NATO-nun tamamilə parçalandığı və bunun üçün ideal yerin Baltikyanı ölkələr olduğunu göstərə bilər.
Kazoçins yaxın gələcəkdə hadisələrin inkişafı üçün iki mümkün ssenari görür. Birincisi, Rusiyanın Ukraynada uğur qazanması və zəifləmiş Qərbin imkanlarından istifadə etməyə çalışmasıdır. “Bunun yolu Baltikyanı dövlətlərdə sürətli çevriliş (qəfil hücum) və ardınca real nüvə təhlükəsidir”, - o deyir.
İkinci ssenari: Ukrayna və Qərbin birliyi davam edərsə, o zaman Rusiya diversiya və hibrid hücumlarla yerli rusdilli əhalini qızışdırmaq yoluna üz tuta bilər.
Estoniyalı analitik Tomas Yermalavikus hesab edir ki, Baltik regionu hazırda özünü xüsusilə müdafiəsiz hiss edir. O qeyd edir ki, müstəqillikdən bəri bölgə ilk dəfədir kəskin təzyiq altındadır.
“Rusiyanın Ukraynaya hücumunun miqyası göstərir ki, regionda yerləşdirilən müttəfiq qüvvələr Moskvanı çəkindirmək üçün yetərli deyil və Qərb təcavüzə çox ləng reaksiya verir. İkincisi, Ukraynadakı müharibə cəbhəyanı dövlətlərlə daha qərbdə yerləşən NATO üzvləri arasında Rusiya təhlükəsinin əsl mahiyyəti ilə bağlı davam edən fikir ayrılıqlarına diqqət çəkdi. İttifaq və müttəfiqlər bir araya gəlsə, düşünürəm ki, bu pəncərədən daha az səylə çıxacağıq”, - Yermalavikius vurğulayır.