Tehran İsrailin yeni hücumuna İranın sərt və qəti cavabı ilə bağlı Vaşinqtonu xəbərdar edib.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“Ağ Evə açıq xəbərdarlıq göndərmişik ki, İsrailin təkrar təxribatları və İranın təhlükəsizliyi və maraqlarına qarşı terror aktları baş verərsə, Tehranın cavabı və sonrakı hərəkətləri qəti, dərhal və genişmiqyaslı olacaq”, - nazir bildirib.
Abdullahiyan onu da söyləyib ki, Tehran üç gün əvvəl İsrailə hücumla bağlı qonşu ölkələri məlumatlandırıb:
“Əməliyyatlardan 72 saat əvvəl qonşu ölkələrə məlumat vermişik”.
Abdullahiyan İran İsrailə "hava zərbələri" endirdikdən sonra da bu barədə ABŞ-ni əvvəlcədən xəbərdar etdiklərini açıqlamışdı. İranın baş diplomatının açıqlaması dünya mediasında müzakirələrə səbəb olmuşdu. Tehranın qarşıdurma simulyasiyası etdiyi, Amerikadan çəkindiyi və ölçülü davrandığı, yaxud Vaşinqtonla gizli işbirliyində olması kimi ən müxtəlif iddiaları gündəmə gətirmişdi.