İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin bəyanatı çox narahatedici və qəbuledilməzdir. Bu, İranın Azərbaycanla dostluq münasibətlərinə dair vaxtaşırı verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. İlk növbədə, İran Xarici İşlər Nazirliyi özünün Ermənistandakı səfirinin bu cür bəyanatlarına görə ciddi izahat aparmalı və ona qiymət verməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan özü işğal altında olan torpaqlarını azad edib: “İran o vaxt silahlarını versəydi, Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxardardı. Tehran o dövrlərdə Ermənistanla sərhədi bağlasa, Türkiyə kimi diplomatik əlaqələri kəssəydi, işğal 30 il davam etməzdi. Məhz İranın Ermənistanla 30 il ərzində “dostluq” münasibətləri saxlaması, ona müxtəlif səpkidə “yardımlar” göstərməsi işğalın uzanmasına səbəb oldu”.
Deputat hesab edir ki, İslam dövləti İran, İslam dövləti olan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə sevinmək əvəzinə işğalçı Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasına təəssübkeşliyini bildirir:
“Bu, heç də mehriban qonşuluq münasibətləri hesab edilmir. Ermənistandakı İranın səfiri ölkəsinin rəsmi mövqeyinə zidd hərəkət edirsə, Tehran bu məsələyə aydınlıq gətirməlidir”.
Millət vəkilinə görə, İranın Ermənistandakı səfirinin Ermənistan generallarının bəyanatından heç nəyi ilə fərqlənmir:
“Təəssüf ki, bu cür bəyanatlar Azərbaycan-İran münasibətlərinə ciddi zərbə vurur. İran İsraillə olan gərginliyi Azərbaycanla münasibətlərə gətirməməlidir”.
Aydın Mirzəzadə bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi amilini birdəfəlik qəbul etməlidir:
“Ölkəmiz bu gün işğaldan azad edilən ərazilərdə sakinləri geri qaytarmaq üçün şərait yaradır. Ermənilərin dağıtdığı, viran qoyduğu məscidlər, dini abidələr təmir edilir. İşğalla bugünkü dövr arasında kəskin fərq göz qarşısındadır”.