18 Aprel 13:34
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlılarının çıxarılması mühüm hadisədir. Proses artıq başlayıb. Sözsüz ki, bu elə də asan həll olunan məsələ deyildi. Bununla bağlı olan proseslər hər kəsə məlumdur. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyini sona qədər müdafiə etdi.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus hərbi kontingentinin vaxtından əvvəl ərazidən çıxmasına nail olmaq böyük uğurdur:

“Çünki onları inandırmaq və məcbur etmək heç də asan proses olmadı. Ruslar ilkin olaraq Xocalı aeroportunun ərazisini tərk etdilər. Əslində Xocalı aeroportu onlar üçün qərargah hesab olunurdu. Təbii ki, rusların müvəqqəti yerləşdiyi ərazidə yaratdığı infrastrukturun qısa zamanda çıxarılması mümkün deyil”.

Polkovnikin fikrincə, sülhməramlılara məxsus obyetklərdə demontaj işləri və çıxarılması mümkün olmayan avadanlıqların Azərbaycana təhvil verilməsi mümkündür:

“Azərbaycan bu işdə rus sülhməramlılarına lazımı köməklikləri göstərəcək. Çünki ruslar ərazidə əhatəli obyektlər qurmuşdu və onların bəlli zaman içərisində daşınması lazım olacaq”.

Üzeyir Cəfərova görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı yaxın günlərdə məlumatlar olacaq:

“Ruslar oradan da çıxıblar. Monitorinq Mərkəzində ruslar sülhməramlılardan daha tez çıxıb. Birgə Monitorinq Mərkəzinin qalması üçün əsas yoxdur. Türk Silahlı Qüvvələrinin orada qalması isə fərqli məsələdir. Türk ordusu burada qonaq qismində deyil. Onlar öz evlərindədir. Monitorinq Mərkəzində Türk Silahlı Qüvvələri qalmaq istəsələr, onun profilini dəyişəcəklər. Amma Azərbaycanda Türk Ordusunun nümayəndələri üçün Ağdamdakı Mərkəzdən daha üstün olan şəraitə malik ünvanlar var. Bu gün Türkiyə-Azərbaycan Ordusu birgədir, iç-içədir və xidmət də bu istiqamətdə aparılır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər