Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-Avropa Birliyi görüşü çərçivəsində İrəvana hərbi-siyasi dəstək planının hazırlandığı iddia edilən məxfi sənədlə bağlı iddianı şərh edib.
Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat Ermənistanın buna görə cavab verməli olduğunu deyib.
“Bununla bağlı Ermənistan səlahiyyətlilərindən aydın cavab gözləyirik”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Qərb İrəvanla birlikdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və sərhədçilərini ABŞ, Avropa Birliyi və NATO mütəxəssisləri ilə əvəzləməyə çalışır.
Zaxarova həmçinin ABŞ və Avropa Birliyini Ermənistan sərhədlərində Azərbaycan və İrana qarşı təxribat xarakterli hərəkətlərdə, Rusiya-Ermənistan əlaqələrini məhv etməkdə ittiham edib.
“Qərblilər Ermənistanı öz qonşuları ilə vuruşdurmaq istəyir, bu baxışa görə, Ermənistan ABŞ və Avropa Birliyinin regionda atəş açmaq istədiyi alət olmalıdır. Qərbin addımlarının Ermənistanın təhlükəsizliyi və iqtisadiyyatını gücləndirəcəyini düşünmək sadəlövhlükdür, əksinə, onu müdafiə, iqtisadiyyat və enerjidən məhrum etmək, əvəzində praktiki olmayan yol xəritələri verib öz konyuktur məsələlərini həll etmək istəyirlər, yəni oyunlarını oynadıqdan sonra Ermənistanı tərk etmək...”, - diplomat vurğulayıb.